Zəngilan. Trend:
Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət
sərhədində Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi
keçirilib
Trend-in yerli bürosunun
məlumatına görə, 21 sentyabrda Azərbaycan Respublikası Baş
nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının
yol və şəhərsalma naziri Rüstəm Qasiminin iştirakı ilə (onlayn)
Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində
inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi
keçirilib.
Layihə Şərq-Qərb Nəqliyyat Dəhlizinin potensialının artırılmasına,
eləcə də bölgədə nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə
xidmət etməklə region ölkələrinə əlavə imkanlar yaradacaqdır.
Tədbirdə İran İslam Respublikasının nümayəndə heyəti və Azərbaycan
Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika
Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Azərbaycan Dəmir
Yolları” QSC-nin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İran
İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisinin
səyləri sayəsində Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə
olduğu və iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər
sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyi diqqətə çatdırılıb.
Bildirilib ki, Azərbaycan ilə İran arasında nəqliyyat sahəsində də
əməkdaşlıq geniş potensiala əsaslanaraq bir çox istiqamətlərdə
sürətlə inkişaf edir.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın
qələbəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında
geniş bərpa və quruculuq işləri həyata keçirilir. Bu işlərin tərkib
hissəsi kimi Horadiz-Ağbənd avtomobil yolu layihəsi 59%,
Horadiz-Ağbənd dəmir yolu layihəsi isə 38% icra olunub.
Tədbirdə qeyd edilib ki, 2022-ci ilin 11 mart tarixində İran İslam
Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının
Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası
arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında
Anlaşma Memorandumu imzalanıb. Bu Memorandumun praktiki icrası
olaraq İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan
Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar
Respublikası arasında Araz çayı üzərində avtomobil və dəmir yolları
körpülərinin tikintisi nəzərdə tutulur.
Hər iki ölkənin rəhbərlərinin bu təşəbbüsü yeni nəqliyyat
dəhlizinin açılması ilə yanaşı, həm də elektrik enerjisi üçün
önəmli bir beynəlxalq dəhlizin yaranmasına xidmət edir.
Mərasimdə diqqətə çatdırılıb ki, uzunluğu 112 kilometr olan Horadiz
- Cəbrayıl - Zəngilan - Ağbənd avtomobil yolunu İran İslam
Respublikasının avtomobil yolları şəbəkəsi ilə Araz çayı üzərindən
birləşdirəcək körpü uzunluğu 216 m, eni isə 24,5 m olmaqla
layihələndirilib. Körpüdə hər istiqamətdə 2 nəqliyyat vasitəsi və 1
piyadalar üçün hərəkət zolağı nəzərdə tutulub. Həmçinin burada hər
iki ölkənin ərazisində gündə 500 ədəd giriş və 500 ədəd çıxış
olmaqla ən azı 1000 ədəd yük nəqliyyat vasitəsini (ixrac, idxal və
tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış
məntəqəsinin tikintisi də planlaşdırılır.
Təməlqoyma mərasimində yeni körpünün hər iki ölkə arasında dostluq
əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyinə, nəqliyyat
əlaqələrinin daha da inkişaf etdirilməsinə və regionun tranzit
potensialının artırılmasına öz töhfəsini verəcəyinə əminlik ifadə
olunub.