Bakı. Trend:
Yeni ildə Azərbaycan vətəndaşları dincəlmək üçün əsasən regionlarımıza üz tuturlar.
Bu barədə Trend-ə açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.
Onun sözlərinə görə, bayram günlərində regionlarda hotellərdə yer məhdudiyyəti yaranır və qiymətlər bahalaşır.
"Pandemiyadan sonra yerli turistlər əsasən ölkə daxilində istirahət etməyə üstünlük verirlər. Qarşıdan Yeni il gəlir. Yerli turistlər Yeni ildə əsasən şimal bölgələrinə səfər etməyi daha çox üstün tutur, əsasən, Quba, Qusar, Şəki, Qax, Zaqatala, Balakən rayonlarına üz tuturlar. Həmin bölgələrdə bayram günləri hotellərdə doluluq səviyyəsi yüksək olur. Bunun da əsas səbəbi quru sərhədlərin bağlı olmasıdır. Belə ki, azbüdcəli turistlərimiz pandemiyadan qabaq avtobuslardan istifadə edərək Gürcüstana, Rusiyaya, Türkiyəyə dincəlməyə gedə bilirdi. Hazırda quru sərhədləri bağlı olduğundan həmin turistlər ölkə daxilində istirahət etməyə üstünlük verirlər".
Ekspert bildirib ki, hazırda Quba, Qusar bölgəsində yerləşən beşulduzlu hotellərdə otuz dekabrdan üç yanvara qədər olan qiymətlərə nəzər salsaq, bir nəfər üçün günü 400 manatadək dəyişir.
"Şəki, Qax, Zaqatala, Balakən bölgəsində isə qiymətlər 200-250 manat, dördulduzlu hotellərdə isə 100-150 manat arasında dəyişir. Qəbələdə isə beşulduzlu hotellərdə qiymətlər 250-400 manat, dördulduzlular isə 150-250 manat arası dəyişir. Cənub bölgəsində isə beşulduzlu hotellər Yeni ildə 150-200 manat, dördulduzlular isə 70-150 manat aralığında dəyişir", - deyə o qeyd edib.
Lakin ekspert bu qiymətlərin artacağını da istisna etmir.