Tərtər. Trend:
Tərtər rayonunda Sol Sahil magistral su kanalının təmir-tikinti-quraşdırma işləri gələn ilin oktyabr ayında tamamlanacaq.
Trend-in məlumatına görə, bunu bu gün Tərtər rayonuna mediatur zamanı jurnalistlərə açıqlamasında Tərtər Hidroqovşaq İstismar İdarəsinin rəisi Emin Hacıyev deyib.
O bildirib ki, təmir işlərinə 15 gün öncə başlanılıb: "Kanalın uzunluğu 22,4 kilometrdir. Bu kanal dörd rayonu su ilə təmin edəcək. Bunlar Goranboy rayonu, Yevlax rayonu, Bərdə rayonu və Tərtər rayonunun sol sahilində yerləşən kəndlərdir. Kanal ümumilikdə 29 min hektar sahəni suvaracaq. Bunlar taxıl, pambıq, günəbaxan, şəkər çuğunduru, bostan bitkiləri sahələridir. Kanalın tikinti-quraşdərma işləri oktyabr ayında tamamlanacaq.
Kanal mənbəyini Suqovuşan su anbarından götürür. Əvvəllər də bu kanal mövcud olub. Sadəcə, Birinci Qarabağ Müharinəsindən sonra bu kanala su gəlməyib. Kanalın aşağı hissəsində su olub. Bu hissəyə suyu "Xan arxı" torpaq kanalından vermişik".
"Kanalın yuxarı hissəsi olan 5 250 metrlik Sağ Sahil magistral kanalı da paralel təmir edilib. Bunların hər ikisi eyni vaxtda tamamlanacaq. İstifadəyə veriləndən sonra qeyd etdiyim ərazilərə Sol Sahil kanalından su verəcəyik", - deyə E.Hacıyev qeyd edib.