Bakı. Trend:
Azərbaycanın xarici tərəfdaşları ilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığı böyük perspektivlərə malikdir.
Bu barədə Trend-ə Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov deyib.
Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkətinin günəş elektrik stansiyası layihəsi, həmçinin Səudiyyə Ərəbistanın ACWA Power şirkərti tərəfindən reallaşdırılan 240 MVt gücə malik Xızı-Abşeron külək elektrik stansiyası çox qısa zamanda bu tərəfdaşlığın nəticələrini göstərəcək.
“Məsələn, Masdar şirkəti tərəfindən reallaşdırılan 230 MVt gücə malik Qaradağ günəş elektrik stansiyasında elektrik enerjisi artıq bu il istehsal olunacaq”, - o deyib.
O dənizdə külək enerjisinin inkişafı sahəsində də eyni şeyin baş verdiyini, lakin bunun üçün çox zamanın tələb olunacağını qeyd edib.
“Söhbət Azərbaycan və BƏƏ, o cümlədən Səudiyyə Ərəbistanı rəhbərliyi arasındakı inamdan gedir. Bu baxımdan dəyər çox vacibdir. Bu layihələrin çoxu dəyərləri ilə şərtlənir. Eyni zamanda biz əməkdaşlığımızın çox gözəl nəticələr verəcəyinə inanırıq”, - nazir müavini deyib.
Soltanov həmçinin, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Masdar arasında imzalanmış razılaşmanın çox prespektivli təşəbbüs olduğunu əlavə edib.
“Biz çox şadıq ki, SOCAR bu razılaşmaya iqtisadi tərəfdaş qismində daxil olaraq bizim, yəni Energetika Nazirliyinin artıq imzalamış olduğumuz sövdələşmənin bir hissəsinə çevrilir. Biz səbirsizliklə bu əməkdaşlığın nəticələrini gözləyirik”, - o deyib.
Xatırladaq ki, 2023-cü il 15 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində SOCAR və Masdar şirkəti Əbu-Dabidə 2 GVt gücə malik Dənizdə külək enerjisi və hidrogen layihələrinin birgə işlənib hazırlanması, həmçinin 1 GVt gücə malik fotoelektrik günəş enerjisi və 1 GVt gücə malik quruda külək enerjisi layihələrinin birgə işlənib hazırlanması haqqında Razılaşma imzalayıb.
“Sadalanan razılaşmalar Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə, o cümlədən Azərbaycanda istixana qazlarının tullantılarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin inkişafına və ölkənin dayanıqlı iqtisadi inkişafına imkan yaradacaq. Birləşmiş Ərəb Əmirliklərinin bərpa olunan enerji sahəsində ən iri şirkəti olan Masdar hazırda Azərbaycanda 230 MVt gücə malik Qaradağ günəş elektrik stansiyası layihəsini reallaşdırmaqdadır. Stansiyanın hər il yarım milyard kilovatt-saat elektrik enerjisi istehsal edəcəyi və tullantıları ildə 200 000 tondan çox azaldacağı gözlənilir”,- SOCAR-ın məlumatında belə deyilir.
Qeyd edək ki, bütünlükdə Azərbaycan elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 2030-cu il üçün 30 faizədək artırmağı planlaşdırır.