...

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçirilib (FOTO)

İqtisadiyyat Materials 7 Aprel 2023 12:25 (UTC +04:00)
Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçirilib (FOTO)
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclası Bakıda keçirilib.

Trend-in məlumatına görə, iclasdan əvvəl Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstan Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin arasında ikitərəfli görüş keçirilib. İki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və yeni əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Komissiyanın iclasında Qazaxıstan və Azərbaycan arasında yüksək səviyyədə olan siyasi münasibətlərin ticari-iqtisadi tərəfdaşlığın inkişafı ilə möhkəmləndirilməsi istiqamətində atılan addımlar dəyərləndirilib. Energetika naziri Pərviz Şahbazov deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevin siyasi iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr uğurla inkişaf edir. İki ölkə arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamənin imzalanması bunun parlaq təzahürüdür.

Bildirilib ki, 2022-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 2021-ci illə müqayisədə 4,4 dəfə artaraq 598 milyon 400 min ABŞ dolları təşkil edib. Bu göstəricilərin 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqramın icrası ilə daha da yüksələcəyinə inam ifadə edilib.

Nazir energetika sahəsində əməkdaşlığın inkişafından danışarkən deyib: “Ötən il “SOCAR” və “KazMunayQaz” şirkətləri arasında ildə 1,5 milyon ton Qazaxıstan mənşəli neftin nəqlinə dair imzalanmış 5 illik müqavilə enerji əməkdaşlığımızda mühüm irəliləyişdir. Cari ilin martından Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Qazaxıstanın “Tengiz” yatağından hasil edilən neftin nəqlinə başlanılıb. Aprel ayında BTC ilə 125 min ton Qazaxıstan neftinin nəqli planlaşdırılır”.

İclasda hər iki ölkənin “yaşıl enerji”yə keçid sahəsində ciddi səylər göstərdiyi vurğulanaraq bərpa olunan enerji və enerji səmərəliliyi kimi sahələrdə Qazaxıstan şirkətləri ilə əməkdaşlıq niyyətləri ifadə olunub. Həmçinin nəqliyyat-logistika əlaqələrinin inkişafı, Çindən, Mərkəzi Asiya ölkələrindən Avropaya və əks istiqamətdə yük axınları məqsədilə ölkələrimizin tranzit potensialının artırılması üçün birgə fəaliyyətin əhəmiyyətindən danışılıb.

Qazaxıstan Baş nazirin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin isə öz çıxışında deyib: “Azərbaycan Qazaxıstanın Cənubi Qafqazda əsas və perspektivli ticarət-iqtisadi tərəfdaşıdır. Bu gün ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında biz Qazaxıstan dəmir yolu maşınqayırmasının ixrac imkanlarını təqdim edirik. Bundan əlavə, biz Qazaxıstandan Azərbaycana 304 milyon ABŞ dollarından çox məbləğdə 100-dən çox növdə qeyri-xammal əmtəəsinin təchiz edilməsi üzərində işləyirik. Ölkələrimiz enerji, nəqliyyat, kənd təsərrüfatı mallarının ticarəti sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdir. Biz mümkün olan çoxsaylı istiqamətlər üzrə qarşılıqlı faydalı və səmərəli əməkdaşlıq qurmağı hədəfləyirik və hər zaman yeni təkliflərə açığıq”.

İclasda Hökumətlərarası Komissiyanın 18-ci iclasından ötən dövr ərzində görülmüş işlər nəzərdən keçirilib, siyasi, ticarət-iqtisadi, energetika, nəqliyyat və logistika, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, media və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb.

Sonda Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 20-ci iclasının gələn il Qazaxıstanda keçirilməsi razılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti