Bakı. Trend:
Türkiyədən Naxçıvana qaz kəməri vasitəsilə təbii qaz nəqli ilə bağlı müzakirələr davam edir.
Trend-in TurkicWorld-a istiandən məlumatına görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez bildirib.
"Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri, TANAP layihəsini istismara verdik, bununla da dünya bazarlarına çıxış əldə etmə imkanımız var. Azərbaycanla elektrik enerjisi sahəsində əməkdaşlıq edirik. Hər sahədə əməkdaşlığımız davam edəcək”, - deyə nazir bildirib.
Qeyd edək ki, 85 kilometrlik bu xətlə daşınacaq illik 500 milyon kubmetr təbii qaz Naxçıvanda yaşayan yerli əhali üçün böyük bir rahatlıq təmin edəcək.
Xatırladaq ki, 2000-ci il dekabrın 15-də Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıb.
Anlaşma Memorandumuna əsasən, bu sənəd Naxçıvanın təbii qazla təminatı üçün strateji əhəmiyyət daşıyır. Hər iki ölkənin şirkətlərinin – Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BOTAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək.