...

Visa Azərbaycanda innovasiyaların tətbiqi üçün böyük potensial görür - Nurlan Hacıyev (Müsahibə)

İqtisadiyyat Materials 2 May 2023 19:59 (UTC +04:00)
Visa Azərbaycanda innovasiyaların tətbiqi üçün böyük potensial görür - Nurlan Hacıyev (Müsahibə)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Visa Azərbaycanda innovasiyaların tətbiqi üçün böyük potensial görür.

Bu barədə Trend-ə müsahibəsində "Visa"nın baş direktoru, Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyev deyib.

Maliyyə innovasiyaları barədə

N.Hacıyevin sözlərinə görə, 2019-cu ildə Visa Azərbaycan Beynəlxalq Bankı ilə birlikdə ölkədə ilk dəfə olaraq "Visa Token Service" tokenləşdirmə texnologiyasını işə salıb ki, bu da insanların mobil qurğular üzərindən ödənişlər həyata keçirmələrinə imkan yaradıb.

"Bu gün bu texnologiyaya 11 bank qoşulub və biz onların sayının artırılması üzərində çalışırıq. Tokenizasiya Azərbaycanda 2021-ci ildə "Apple Pay", 2022-ci ildə isə "Google Pay"in yaranmasının əsasını qoydu. Həmçinin Azərbaycan Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika (CEMEA) regionunda "B2B Connect" ödəniş şəbəkəsini işə saldığımız ilk ölkədir. O, biznesin kartsız transsərhəd ödənişləri sürətlə və təhlükəsiz şəkildə həyata keçirməsinə imkan verir", - Nurlan Hacıyev deyib.

O, şirkətin Azərbaycanda həmçinin "Tap To Phone" innovativ həllini işə saldığını qeyd edib. Bu, kiçik məsafədən məlumat ötürmə modullu (NFC) Android bazalı smartfonu ödəniş terminalına çevirməyə imkan verir. Bu həllin köməyilə sahibkarlar sadəcə tətbiqi smartfona yükləməklə bank kartlarından, telefon və saatlardan ödəniş qəbul edə biləcəklər. Bu layihə ilk dəfə Kapital Bankla birgə işə salınıb.

N.Hacıyev, həmçinin mümkün bir neçə layihəni qeyd edib:

  • Dünyada ilk dəfə "Bank Respublika", "Wolt" və "Visa" birgə kobrend kartının istifadəyə verilməsi. Bu kartın köməyilə istifadəçilər çatdırılma sifarişlərinə görə 5 faiz keşbek qazanacaqlar.
  • ASAN Mərkəzlərdə dövlət xidmətlərinin ödənişi üçün QR kodların köməyilə ödənişlərin qəbulu.
  • Pilot rejimdə Azercell mobil operatoru tərəfindən rəqəmsal kartların emissiyası.

Bazarda liderlik barədə

Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, 2022-ci ilin yekunlarına görə tranzaksiyaların ümumi həcmində Visa-nın payı 60,5 faizə yaxın olub.

"Azərbaycan bazarında istifadənin asanlığını və təhlükəsizliyini təmin edən layihələr icra olunub. İnnovasiyaların tətbiqinin əsaslarından biri rahatlıq və təhlükəsizlikdir. Visa bu istiqamətlərə böyük diqqət ayırır. Ödənişlərin bank kartları ilə təkcə POS-terminallardan deyil, həm də mobil qurğuların köməyilə qəbulu üzrə layihələr həyata keçirməklə rəqəmsal ödənişlərin artım həcmini çoxaldırıq. Həmçinin qeyd etmək istəyirəm ki, Visa iqtisadiyyatın bütün seqmentləri və subyektləri üçün məhsulları inkişaf etdirməklə və sadələşdirməklə həm də sosial məsuliyyət daşıyır", - N.Hacıyev deyib.

Onun sözlərinə görə, şirkət əhali arasında innovasiyalara tələbat müşahidə edir, banklar yeni texnologiyalar tətbiq etməyə çalışırlar, tənzimləyici orqanlar isə bunun üçün zəruri bütün şəraiti yaradırlar. "Bütün bunların nəticəsi olaraq rəqəmsal ödənişlərdə kəskin artım görürük", - Nurlan Hacıyev deyib.

Nəqliyyat həlləri barədə

Regional menecer, həmçinin Visa-nın nəqliyyatda nağdsız ödənişlərin işə salınması üzrə bazarın bütün iştirakçıları ilə çalışmağa hazır olduğunu bildirib.

"Azərbaycanın dəmir yolu nəqliyyatında nağdsız ödənişləri ilk dəfə Visa işə salıb. Bu gün Abşeron dairəvi dəmir yolunun 14 stansiyasında nağdsız ödənişlərin qəbulu üçün müvafiq validatorlar quraşdırılıb. 2022-ci ildə biz, həmçinin Azərbaycanda ilk dəfə "Mobility & Transit Transaction" (MTT) texnologiyasını işə saldıq. Qeyd edim ki, MTT modeli operatorların sərnişinlərə bir sıra çevik tariflər, o cümlədən sabit tariflər, məsafə və zamanı nəzərə alan tariflər, multimodal tariflər, habelə tarifin məhdudlaşdırılması, güzəşt və gecikməyə görə vəsaitin geri qaytarılması kimi funksiyalar təklif etməsinə imkan verir", - deyən N. Hacıyev Visa şirkətinin Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərməkdən məmnun olduğunu vurğulayıb.

Qadın sahibkarlığına dəstək barədə

2022-ci ildən etibarən Visa Azərbaycanda "She's Next Empowered by Visa" qlobal təşəbbüsünü həyata keçirməkdədir.Təşəbbüsün son dalğasında 600-dən çox qadın sahibkar iştirak edib. İki qalib biznesin inkişafı üçün 10 və 15 min manat əldə edib.

"Visa istər qlobal səviyyədə, istərsə də Azərbaycanda qadın sahibkarlığa dəstəyə xüsusi önəm verir. İnklüzivlik Visa-nın strategiyasını və əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Bu təşəbbüsün həyata keçirilməsi öz işini qurmaq və ya inkişaf etdirməyə çalışan qadınlara dəstək göstərməyi hədəfləyir", - N.Hacıyev qeyd edib.

Onun sözlərinə görə, Visa-nın araşdırmasına görə, qadın sahibkarlar biznes qurmaqda və idarə etməkdə ən böyük problemin kapital cəlbi (45 faiz) olduğunu bildiriblər, onların 23 faizi isə yüksək rəqabət hiss edib.

Bununla belə, qadın sahibkarların bir hissəsi (27 faiz) "ailəsinə kifayət qədər vaxt ayıra bilməyəcəyinə", "uğursuzluqla üzləşəcəyinə" (26 faiz) görə narahatdır. Beləliklə, Azərbaycanda ən populyar bacarıqlar aşağıdakı kimidir: birinci yerdə rəqəmsal marketinq və sosial şəbəkələrin idarə olunması (49 faiz) gəlir, daha sonra əlavə maliyyə əldə etmə strategiyası (34 faiz) və elektron kommersiya (26 faiz) dayanıb.

Yeni təcrübə və şəxsi məkan barədə

Nurlan Hacıyev Azərbaycanda yeni baş direktor və regional menecer vəzifəsində öz təcrübəsindən də danışıb. Onun sözlərinə görə, regional menecer vəzifəsi onun üçün istər həmkarları, istərsə də bazarın bütün iştirakçıları qarşısında əlavə məsuliyyət yaradır.

"Elektron ödənişlər sənayesinə yetərincə geniş baxıram. Pullar da evolyusiyadan keçir və onlar inkişaf etdikcə dövriyyə də sürətlənir ki, bu da iqtisadiyyatın artımına səbəb olur", - o deyib.

N.Hacıyev, həmçinin şəxsi məkanla iş arasında sərhəd qoymağın çox vacib olduğunu qeyd edib.

"Hər şeyin dinamik inkişaf etdiyi müasir dünyada bütün yeniliklərə çatmaq və zamanla ayaqlaşmaq lazımdır. Hesab edirəm ki, şəxsi məkanla iş arasında sərhəd qoymaq çox vacibdir. Xoşbəxtlikdən mən bu sərhəddi tapmışam və şadam ki, həm ailəmlə vaxt keçirə, həm də məni ruhlandıran işlə məşğul ola bilirəm. Övladlarımın maliyyə savadlılığına çox vaxt ayırmağa çalışıram. Uşaqlar təzə olan hər şeyi sevirlər və yenilikləri çox tez mənimsəyirlər. Belə ki, məsələn oğlum öz mobil qurğusunun köməyilə, ondan kiçik olan qızım isə ağıllı saatı vasitəsilə nağdsız ödənişlər edirlər", - o deyib.

Qeyd edək ki, 2022-ci ilin iyul ayında Visa Nurlan Hacıyevi şirkətin baş direktoru - Azərbaycan üzrə regional meneceri təyin edib. O yeni vəzifəsində banklar, biznes və kart sahibləri üçün Visa-nın dəyərinin artmasına fokuslanmaqla əsas diqqətini ölkədə rəqəmsal ödənişlər biznesinin inkişafına yönəldib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti