Bakı. Trend:
“Yaşıl artım” və “yaşıl iqtisadiyyat” ölkəsi kimi hədəflər Azərbaycan şirkətləri qarşısında yeni çağırışlar qoyur.
Trend xəbər verir ki, bunu "Yaşıl enerji və təmiz ətraf mühit: bizneslər üçün inkişaf prespektivləri" mövzusunda çıxışında Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.
Məmməd Musayev çıxışında bildirib:
"Hər birinizi Azərbaycan Sahibkarlar Konfederasiyası adından salamlayıram. Bu gün dünyanın gündəmində olan yaşıl enerji və təmiz ətraf mühitdə biznesin inkişafı mövzusu geniş müzakirə edilir.
Məlumdur ki, dünyada son 10 ildə alternativ enerjinin istehsalı 2 dəfədən çox artıb. Dünyadakı yenilikləri təqib edən Azərbaycan yaşıl enerji sahəsində də qabaqcıl ölkələrdən biri olmağı qarşısında hədəf qoyub, artıq bu sahədə önəmli addımlar həyata keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi mühüm yer tutub. Ölkəmizin bərpaolunan enerji istehsalı sahəsində böyük potensialının olması bir çox layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.
Azərbaycanın hədəfi bərpaolunan enerjinin payının ümumi enerji istehsalında 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır.
Ölkəmizin yaşıl enerji sahəsinə göstərdiyi xüsusi diqqət bu sahənin qısa zamanda sürətlə inkişaf edəcəyindən xəbər verir. Müzəffər prezidentimizin işğaldan azad olunmuş – 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan etməsi də bu sahəyə olan qayğının göstəricisidir. İşğaldan azad olunan bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Azərbaycanda daxili su ehtiyatlarının təxminən 25 faizi – illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Laçın və Kəlbəcərin dağlıq əraziləri külək enerjisi, Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı isə Günəş enerjisi potensialı ilə diqqət çəkməkdədir. “Yaşıl enerji” zonası elan edilən bölgələrdə artıq bir neçə su-elektrik stansiyası inşa edilərək fəaliyyətə başlayıb.
Qarabağ və Şərqi Zəngəzurda aparılan bütün yenidənqurma işləri, qurulan yaşayış məntəqələrindəki müasir infrastruktur gələcək iqtisadi məhsuldarlığın artımına, həyat səviyyəsinin yüksəldilməsinə və dayanıqlılığın möhkəmlənməsinə əlverişli zəmin hazırlanır.
İşğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən işlər, Günəş və külək enerjisindən istifadə ilə bağlı həyata keçirilən tədbirlər Azərbaycanı regionda lider mövqeyinə yüksəldib.
Sözsüz ki, iqlim dəyişmələri, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün “yaşıl iqtisadiyyat”ın genişləndirilməsi, onun müasir tələblərə uyğun şəkildə inkişafı böyük əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sahəyə göstərdiyi xüsusi diqqəti ifadə edərək deyib: “Bərpaolunan enerji növlərinin inkişafı bizim üçün priotitet məsələdir. Biz uzun illər bu məsələnin həlli ilə bağlı çalışırıq və bu gün real nəticələr görürük”.
Ölkəmizin uğurlu enerji siyasəti bugün dünyada müstəqil siyasət aparmağımızda mühüm rol oynayır. Bərpaolunan enerji məsələsi də bu siyasətin tərkib hissəsidir. Azərbaycanın stabil siyasəti və həyata keçirilən nəhəng layihələr ölkəmizin önümüzdəki illərdə bir çox sahədə olduğu kimi bərpaolunan enerji sahəsində də dünyanın qabaqcıl ölkələrdən birinə çevriləcəyini göstərir.
“Yaşıl artım” və “yaşıl iqtisadiyyat” ölkəsi kimi hədəflər Azərbaycan şirkətləri qarşısında yeni çağırışlar qoyur. Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvü olan şirkətlərin bu sahədə texnoloji inkişafa qoyduqları sərmayələr, təşəbbüskarlıqları bizi çox sevindirir.
Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq, bu hədəfləri qarşıya qoyan şirkətlərin fəaliyyətinə dəstək verməyə həmişə hazır olduğumuzu bir daha bəyan edərək, forumun işinə uğurlar arzulayıram".