Bakı. Trend:
Bank lisenziyalarının alınması qaydası dəyişir.
Trend-in xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən
iclasında müzakirəyə çıxarılan “Banklar haqqında” qanuna təklif
edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə görə, bank lisenziyası və icazə alınması üçün müraciətə
baxarkən Mərkəzi Bank bankın kapitalında pay sahiblərinin və
benefisiar mülkiyyətçilərin maliyyə vəziyyəti, bankın nizamnamə
kapitalının mənbəyi barədə müstəqil və etibarlı mənbələrdən, habelə
aidiyyəti dövlət orqanlarından məlumatlar əldə edə bilər.
İlkin müraciətə əlavə olunan sənədlərdə də dəyişiklik var.
Lisenziya alarkən bankın təklif edilən nizamnamə kapitalının miqdarı, hər bir pay sahibinin payı və payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumatlar və sənədlər, bankda mühüm iştirak payının təklif edilən sahibi hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinin siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat, rəhbər əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış, bankın təklif edilən inzibatçılarının siyahısı kimi sənədlər tələb olunacaq.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.