...

2024-cü ildə inflyasiya dörd faizə qayıda bilər - Mərkəzi Bank

İqtisadiyyat Materials 26 İyul 2023 10:06 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2024-cü ildə inflyasiya üzrə hədəfə yaxınlaşa bilər.

Trend Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına istinadən xəbər verir ki, buna nail olmaq üçün antiinflyasiya xarakterli pul siyasəti və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində islahatlar davam etdirir. Pul siyasəti üzrə növbəti qərarlar daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcək.

"Faiz dəhlizi parametrlərinin dinamikası, pul siyasəti alətlərinin adekvat tətbiqi və makro-prudensial tələblərdə edilən dəyişikliklər məcmu tələbin izafi artımını məhdudlaşdırmaqdadır. Pul bazarında əməliyyatlar üzrə orta faiz dərəcələri faiz dəhlizinin dəyişiminə reaksiya verməkdə davam edir. May ayından başlayaraq gündəlik əsasda açıqlanan və banklar arasında milli valyutada bağlanan təminatsız əqdlərin orta çəkili faiz dərəcəsini əks etdirən AZIR (Azerbaijan Interbank Rate) indeksi artım meyillidir. Belə ki, cari ilin əvvəlindən bəri 1 günlük AZIR indeksi 1.87, 1 həftəlik AZIR indeksi isə 1.04 faiz bəndi qalxmışdır. Pul təklifinin daha effektiv tənzimlənməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin daha da məhdudlaşdırılması və de-dollarlaşma meyillərinin dəstəklənməsi üçün məcburi ehtiyat normalarının diferensiallaşdırılması qaydasına yenidən baxılmışdır. Qərara alınmışdır ki, 2023-cü ilin iyul ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun hesablamalı və növbəti saxlama dövründən (2023-cü ilin 15 avqust tarixindən) etibarən məcburi ehtiyatları yeni normalara uyğun saxlamalıdırlar. Məcburi ehtiyat normalarının hüquqi şəxslərin depozitlərinin məbləğindən asılı olaraq diferensial tətbiqi likvidliyin təmərküzləşməsini azaltmağa və əlavə vəsaitin sterilizasiyasına imkan yaradacaqdır" - Mərkəzi Bankın məlumatında deyilir.

Qeyd edək ki, Azərbaycanda inflyasiyanın hədəf göstəricisi 4 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti