Bakı. Trend:
Sahibkarların etibarlı tərəfdaşı olan ABB maliyyə resurslarının ölkəmizin bütün regionlarında iş adamları üçün əlçatan olması üçün ardıcıl tədbirlər həyata keçirir. ABB ilə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlıq çərçivəsində yerli sahibkarlara bizneslərini inkişaf etdirmək üçün güzəştli kreditlər veriləcək.
ABB-nin nümayəndə heyətinin Muxtar Respublikaya səfəri zamanı
Naxçıvan Biznes Mərkəzində görüş keçirilib. Bölgədə biznesin
inkişafı üçün birgə fəaliyyət imkanları dəyərləndirilib. ABB
təmsilçiləri Biznes Mərkəzində yerli istehsal məhsullarının sərgisi
ilə də tanış olublar.
Bankın korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli
qeyd edib ki, ABB-nin Naxçıvan Muxtar Respublikası Sahibkarlığın
İnkişafı Fondu ilə əməkdaşlığı regionda real sektorun inkişafına
töhfə verəcək: “Yerli sahibkarların maliyyə resurslarına çıxış
imkanları genişlənəcək. Onlar güzəştli şərtlərlə kreditlər əldə
edəcəklər. Naxçıvanda fəaliyyət göstərən iş adamları ABB-nin
Naxçıvan filialına müraciət edərək bu imkanlardan faydalana
bilərlər”.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.