Bakı. Trend:
Bakıda keçirilən InMerge İnnovasiya sammiti çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, SOCAR və “PAŞA Holdinq” arasında Azərbaycan Respublikasında İnnovasiya və Startap ekosisteminin inkişafı üçün əməkdaşlıq ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Dördüncü
Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM)
təşkilatçılığı ilə keçirilən imzalanma mərasimində elm və təhsil
naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev, SOCAR prezidenti Rövşən Nəcəf, iqtisadiyyat nazirinin
birinci müavini Elnur Əliyev və “PAŞA Holdinq”in baş icraçı
direktoru Cəlal Qasımov iştirak ediblər.
Sənədə əsasən tərəflər innovasiya və startap ekosisteminin inkişafı
üzrə tədbirlərin keçirilməsi, layihələrin icrası, ilkin ideya
mərhələsində olan startapların inkişafı üçün inkubasiya
proqramlarının təşkili sahəsində əməkdaşlıq edəcək. Bundan başqa,
startapların qlobal bazara çıxışı və akselerasiya proqramlarının
keçirilməsi, təhsil müəssisələrində korporativ mühitə addım atmaq
istəyən, biznesin əsas elementlərini daha dərindən qavramaq istəyən
tələbələrə “Sahibkarlığa Giriş” üzrə təlimlərin və innovasiya və
startap ekosisteminin təbliği üçün “Bakı İnvestisiya Günü” (“Baku
ID”) tədbirinin keçirilməsi istiqamətində razılığa gəlinib.
Anlaşma Memorandumunu İqtisadiyyat Nazirliyinin tabeliyində
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin
(4SİM) icraçı direktoru Fariz Cəfərov, Elm və Təhsil Nazirliyinin
Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliynin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin
sədri İnarə Vəliyeva, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov və
“PAŞA Holdinq”in İnnovasiyalar şöbəsinin müdiri Fərrux Əliyev
imzalayıblar.