...

Qaradağda yerləşən bir sıra obyektlərdə içməli sudan qanunsuz istifadənin qarşısı alınıb

İqtisadiyyat Materials 28 Fevral 2024 17:46 (UTC +04:00)
Qaradağda yerləşən bir sıra obyektlərdə içməli sudan qanunsuz istifadənin qarşısı alınıb

Bakı. Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) əməkdaşlarının Qaradağ rayonunda keçirdiyi nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə sudan qanunsuz istifadə aşkarlanıb.

ADSEA-dan Trend-ə bildirilib ki, Müşfiqabad qəsəbəsində fəaliyyət göstərən supermarketin su təchizatı sisteminə baxış keçirilərkən obyektin su təchizatı sisteminə qoşulmaq üçün texniki şərtin olmadığı və müqavilə bağlanmadığı məlum olub. Supermarketin su təchizatı şəbəkəyə özbaşına qoşulmuş xətt vasitəsilə aparılıb.

“Qobu Park” yaşayış massivində çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən “Kabab evi”ndə sudan qanunsuz istifadə halı aşkar edilib. Obyekt sahibi texniki şərt almadan və müqavilə bağlamadan binanın daxili su təchizatı sisteminə özbaşına birləşmə verib.

Lökbatan qəsəbəsi yaxınlığında yerləşən məişət avadanlıqlarının saxlanma anbarında da içməli sudan uçotsuz istifadə aşkarlanıb. Anbar sahibi texniki şərt almadan və müqavilə bağlamadan yaxınlıqdan keçən su kəmərindən özbaşına su xətti çəkib.

Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.

Agentlik vətəndaşların və sahibkarların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2023-cü ildə içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 15533, Qaradağ rayonunda isə 159 fakt aşkarlanaraq qarşısı alınıb.

Xəbər lenti

Xəbər lenti