Bakı. Trend:
Azərbaycanın "Qlobal Metan Vədi"nə qoşulmasını alqışlayıram
Trend xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi "X" sosial şəbəkə paylaşımında deyib.
"Mən Azərbaycanın qlobal istiləşmənin tempini azaltmaq və temperatur artımının 1,5 dərəcə səviyyəsində saxlamaq üçün Qlobal Metan Öhdəliyini imzalamasını alqışlayıram. Azərbaycanın GMP-ə (red."QLobal Metan Vədi") qoşulması metan emissiyalarının kəskin şəkildə azaldılması üzrə qlobal səylərə mühüm təkan verir və iqlim böhranına qarşı mübarizədə ABŞ və digər tərəfdaşlarla əməkdaşlıq üçün yeni platforma yaradır", - deyə səfir bildirib.
Xatırladaq ki, martın 4-də Azərbaycan qlobal metan emissiyalarının azaldılması üzrə dövlətlərin könüllü olaraq öz üzərinə götürdüyü öhdəlikləri nəzərdə tutan "Qlobal Metan Vədi" təşəbbüsünə qoşulduğunu elan edib.
Bu təşəbbüs çərçivəsində Azərbaycanın 2030-cu ilə qədər qlobal metan emissiyalarının ən azı 30 faiz həcmində azaldılmasını hədəfləyən birgə beynəlxalq səylərə qoşulmağa hazır olduğu bildirilir.
"Qlobal Metan Vədi" 2021-ci ildə Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilmiş COP26 İqlim Dəyişikliyi Konfransında ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən metan emissiyalarının azaldılması ilə bağlı qlobal öhdəlik kimi irəli sürülmüş təşəbbüsdür.
"Qlobal Metan Vədi"nin məqsədi 2030-cu ilə qədər metan emissiyalarını 2020-ci illə müqayisədə ümumilikdə 30 faiz məhdudlaşdırmaqdır. Hazırda 155 ölkə bu beynəlxalq öhdəliyə qoşulduğunu elan edib və qlobal metan çirklənməsinin təxminən yarısı bu ölkələrin payına düşür.
(Tərcümə: Rəna Əbdürəhmanova)
