Bakı. Trend:
Orta Dəhlizlə yükdaşımalarının həcminin artırılması planlaşdırılır.
Trend xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Satcan Ablaliyev Bakıda keçirilən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının 2-ci iclasında deyib.
"Qazaxıstan və Azərbaycan arasında yükdaşımaları 1,5 dəfə artaraq, 4,3 milyon tona çatıb. Həmçinin Orta Dəhlizlə yükdaşımaları artır. Ötən il dəhlizlə yük daşımaları 65 faiz artıb", - o deyib.
Onun sözlərinə görə, bu il yükdaşımalarının daha da artırılaraq, 4,2 milyon tona çatdırılması planlaşdırılır.
"Bir sıra şirkətlər dəmir yolu daşımalarına endirimlər əldə edir ki, bunun sayəsində də yükdaşımalarının həcmi artır. Həmçinin Çin konteynerləri ilə daşımalarda 3 dəfə artım müşahidə olunur", - o deyib.
Nazir müavini həmçinin, Xəzər dənizinin dibi ilə fiber optik rabitə xəttinin çəkilməsinə də toxunub.
"Bu layihə ilə təkcə region ölkələri deyil, regiondan kənardakı ölkələr də maraqlanır. Bu baxımdan əlavə xətlərin çəkilməsini müzakirə etməyə hazırıq", - o deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)
