...

"Masdar" COP29-un Azərbaycanda uğurla keçirilməsinə dəstək verəcək - Məryəm Əl Məzrui (Özəl müsahibə) (FOTO)

İqtisadiyyat Materials 24 İyun 2024 08:00 (UTC +04:00)
"Masdar" COP29-un Azərbaycanda uğurla keçirilməsinə dəstək verəcək - Məryəm Əl Məzrui (Özəl müsahibə) (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

"Masdar" BƏƏ nümayəndə heyəti ilə birlikdə COP29-da iştirak etmək niyyətindədir və onun uğurla həyata keçirilməsində Azərbaycana dəstək olacağına ümid edir.

Bu barədə Trend-ə özəl müsahibəsində “Masdar" şirkətinin MDB regionu üzrə İnkişaf və investisiya departamentinin rəhbəri Məryəm Əl Mazrui deyib.

“"Masdar" tərəfindən Azərbaycanda həyata keçirilən hər bir təşəbbüs 2030-cu ilə qədər bərpa olunan enerji potensialının üç dəfə artırılması milli hədəfinə töhfə verir ki, bu da ölkənin eyni ilə ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının 30 %-ə çatdırmaq məqsədinə uyğundur. BƏƏ nümayəndə heyətinin bir hissəsi olaraq, əlbəttə ki, COP29-da iştirakımızı səbirsizliklə gözləyəcəyik”, - deyə o bildirib.

COP29 çərçivəsində Azərbaycan və "Masdar" arasında yeni müqavilələrin bağlanmasının mümkünlüyündən danışan Əl Məzrui qeyd edib ki, o, tərəflər arasında əlavə sazişlərin imzalanmasında şəxsən maraqlıdır.

"Azərbaycan "Masdar" üçün əsas strateji bazardır. Biz 2018-2019-cu illərdə Energetika Nazirliyi ilə danışıqlara başlamışıq və hazırda davam edən bir layihəmiz var. 230 MVt gücündə Qaradağ günəş elektrik stansiyası layihəsinə start verildi və bu, böyük uğur idi. “Masdar”, Azərbaycanın Energetika Nazirliyi və “Azərenerji” arasında strateji əməkdaşlıq sayəsində biz bu uğuru inkişaf etdirməyə çalışırıq”, - deyə şirkət nümayəndəsi vurğulayıb.

O, daha sonra qeyd edib ki, "Masdar" Azərbaycanda akkumulyator enerjisinin saxlanması sistemləri ilə bağlı layihə həyata keçirməyi planlaşdırır.

“Biz Energetika Nazirliyi ilə Azərbaycanda enerjinin saxlanması layihəsi ilə bağlı danışıqlar aparırıq. Biz ölkədə ilk akkumulyator enerjisinin saxlanması sistemi layihəsini həyata keçirməyə can atırıq ki, bu da, şübhəsiz ki, elektrik şəbəkəsini sabitləşdirmək səylərinə kömək edəcəkdir. Lakin bu təşəbbüs hələ ilkin mərhələdədir”, - deyə o bildirib.

Əl Məzruinin sözlərinə görə, "Masdar" yaşıl enerji sektorunda aparıcı inkişaf etdiricilərdən biridir.

“Biz günəş enerjisi, hidroenergetika, quruda və dənizdə külək enerjisi daxil olmaqla bir sıra sahələrdə bir neçə əsas yeniliklərə diqqət yetirmişik. Təkrar doldurulan batareyalar "Masdar"ın ümumi texnologiya mənzərəsinə uyğun gəlir. Biz heç bir məhdudiyyət olmadan regionlara və texnologiyalara qarşı açıq mövqe saxlayırıq”, - deyə o, izah edib.

Bundan başqa, şirkət nümayəndəsi "Masdar"ın Xəzər dənizində dəniz külək enerjisi potensialının reallaşdırılmasını sürətləndirmək üçün texniki-iqtisadi əsaslandırmada maraqlı olduğunu vurğulayıb.

"Xəzər dənizində dəniz külək enerjisinin işlənilməsi Azərbaycanda bərpa olunan enerjinin inkişafı ilə bağlı sazişin birinci mərhələsinin bir hissəsidir və hazırda texniki-iqtisadi əsaslandırmalar aparılır”, - deyə o bildirib.

Əl Məzrui qeyd edib ki, müxtəlif investorlar Xəzər dənizinin Azərbaycan sektorunda dəniz külək enerjisinin böyük potensialından istifadəyə böyük maraq göstərirlər.

"Dəniz külək enerjisi günəş enerjisi ilə müqayisədə daha mürəkkəbdir. Logistika, təchizat zənciri və texniki qiymətləndirmələr baha başa gəlir”, - deyə o bildirib.

Əl Məzrui xatırladıb ki, 2022-ci ildə "Masdar" Azərbaycanla Şuşa şəhərində 10 QVt gücündə bərpa olunan enerji mənbələrinin tətbiqi proqramını əhatə edən iki saziş imzalayıb.

“Biz sazişi iki mərhələdə həyata keçirməyi planlaşdırırıq - birinci mərhələ 4 QVt və ikinci mərhələ 6 QVt. Birinci mərhələyə 1 QVt quruda külək enerjisi, 1 QVt günəş enerjisi və 2 QVt dənizdə külək enerjisi və yaşıl hidrogen potensialı daxildir. Bu mərhələ günəş fotoelektrik qurğularının istehsalı üzrə iki layihəsini və bir quruda külək enerjisi layihəsini əhatə edir: 445 MVt gücündə Biləsuvar günəş elektrik stansiyası, 315 MVt gücündə Neftçala günəş elektrik stansiyası və 240 MVt gücündə Abşeron-Qaradağ külək elektrik stansiyası. Biz ölkə rəhbərliyinin gözləntilərini doğrultmaq üçün bu obyektlərin inkişafının sürətləndirilməsini və tikintisinin başa çatdırılmasını planlaşdırırıq”, - deyə o bildirib.

Əl Məzrui daha sonra bildirib ki, "Masdar" Orta Asiyada çox geniş portfelə malikdir.

“Özbəkistanda regionda ən böyük "Masdar" layihələri portfelinə sahibik. Azərbaycan 230 MVt layihə də daxil olmaqla 1,2 QVt layihələrlə ikinci yerdədir. Biz Qazaxıstanda da fəaliyyət göstəririk, burada 1 QVt üçün müqavilələr imzalamışıq və quruda 500 MVt-dan başlamışıq. Bundan əlavə, biz Gürcüstanda 100 MVt günəş enerjisi layihəsini inkişaf etdiririk”, - deyə o bildirib.

Əl Məzrui xatırladıb ki, ötən il "Masdar" Qırğızıstan hökuməti ilə EDF ilə birlikdə Qırğızıstanda hidroenergetikanın inkişafı haqqında saziş imzalayıb.

"Hökumətlə müzakirələr davam edir. Bildiyiniz kimi, hidroenergetikanın inkişafı günəş və külək enerjisi layihələrindən daha uzun çəkir. Bununla belə, biz lazımi araşdırmalar aparırıq və ümid edirik ki, onlar öz bəhrəsini verəcək. Sərf olunan vaxt Qırğızıstan hökuməti ilə apardığımız müzakirələrin gedişindən asılı olacaq”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti