Bakı. Trend:
Bakı Fond Birjası (BFB) QSC rebrendinq edib.
Trend xəbər verir ki, bu barədə mətbuat konfransının əvvəlində Bakı Fond Birjası (BFB) məlumat yayıb.
Birjanın açıqlamasına görə, dəyişikliklər yalnız yeni loqotipdə deyil, həm də bu ilin yazında təsdiq olunmuş yeni strateji təşəbbüslərində, xüsusən bazar iştirakçıları ilə əlaqələrdə əks olunub.
"Brendin yenilənməsi birjanın bazar iştirakçıları və tərəfdaşları ilə qarşılıqlı əlaqələrinin daha şəffaf və etibarlı olmasını məqsəd qoyur. Bu münasibətlər, eyni zamanda, Bakı Fond Birjasının beynəlxalq miqyasda rəqabət qabiliyyətini artırır və yerli bazarda yeni imkanlar açır", - birjanın məlumatında qeyd edilib.
Dövlət qurumlarının, yerli və beynəlxalq təşkilatların, eləcə də, tədbirdə iştirak edən xarici fond birjalarının nümayəndələri, Bakı Fond Birjasının bu mühüm addımını dəstəkləyərək, BFB-nin kapital bazarının inkişafında vacib rol oynadığını bildiriblər.
Bakı Fond Birjasının, demək olar ki, 30 illik fəaliyyət təcrübəsi ilə ölkənin kapital bazarına töhfə vermək məqsədinin, maliyyə bazarları ilə bağlı məlumatları geniş auditoriyaya daha tam və əlçatan şəkildə təqdim etmək olduğu vurğulanıb. Bu yanaşma, birjanın bazar iştirakçıları və cəmiyyət arasında şəffaf və davamlı məlumat mübadiləsini yeni səviyyəyə qaldırmağı hədəfləyir.
Bakı Fond Birjası QSC-nin idarə heyətinin sədri Ruslan Xəlilov investorları qiymətli kağızlar bazarında aktivliyi artırmağa çağırıb.
O bildirib ki, bu, iqtisadiyyatın bazar inkişafı üçün ən vacib sahədir.
Sədr cari zəif aktivliyin bir neçə amillə əlaqəli olduğunu qeyd edib.
"Bu amillər arasında maliyyə savadının aşağı səviyyəsi, investisiya alətlərinə məhdud giriş və bazar infrastrukturunun yetərsiz inkişafı var", - o bildirib.
R.Xəlilov bu problemlərlə bağlı işlərin aparıldığını vurğulayıb, çünki onların mövcudluğu maliyyə sektoru üçün risklər yarada bilər. BFB-nin həyata keçirdiyi yeniliklər arasında brendin yenilənməsi də var. Yeni loqo şəffaflıq, davamlı inkişaf və tərəfdaşlıq kimi əsas dəyərləri əks etdirir.
"Brendin yenilənməsi bazar iştirakçıları ilə əlaqələrin daha şəffaf və etibarlı olmasını təmin etməyə yönəlib. Bu münasibətlər, eyni zamanda, BFB-nin beynəlxalq miqyasda rəqabət qabiliyyətini artırır və yerli bazarda yeni imkanlar açır", - BFB-dən bildirilib.
Bakı Fond Birjasının (BFB) QSC-nin idarə heyətinin sədri Ruslan Xəlilov gələcək 3 il ərzində izlənəcək 7 strateji təşəbbüsü açıqlayıb.
Ruslan Xəlilov mətbuat konfransında təşəbbüslərdən 4-nün istiqraz bazarı ilə, 3-nün isə fond bazarı ilə bağlı olduğunu bildirib.
"İstiqraz bazarındakı 1-ci təşəbbüs dövlət müəssisələri tərəfindən istiqrazların buraxılmasının stimullaşdırılmasıdır. Bu sahədə potensialları var və biz dövlət müəssisələrinin istiqraz bazarındakı payının artacağını proqnozlaşdırırıq", - o vurğulayıb.
R.Xəlilovun sözlərinə görə, yaxın 3 il ərzində dövlət istiqrazlarının həcmi 1,3 milyard manata qədər artacaq. 2-ci təşəbbüs institusional investorların bazara cəlb olunmasıdır. 3-cü təşəbbüs – korporativ istiqrazların emissiyasının stimullaşdırılmasıdır (burada artım potensialı 1,5 milyard manatdır). 4-cü təşəbbüs isə, fərdi investorların istiqraz bazarındakı rolunun artırılmasıdır (potensial 280 milyon manat səviyyəsində proqnozlaşdırılır).
Fond bazarı ilə bağlı aşağıdakı təşəbbüslər açıqlanıb:
- fərdi investorların fond bazarında iştirakını asanlaşdırmaq üçün zəruri tədbirlərin görülməsi;
- özəl müəssisələrin səhmlərinin İlkin ictimai təklif (IPO) üçün dəstək verilməsi; burada özəl müəssisələrin kapitalizasiya artımının 500 milyon manat səviyyəsində proqnozlaşdırıldığı bildirilir.
- IPO üçün akselerasiya proqramının işə salınması.