Bakı. Trend:
Qlobal iqlim dəyişiklikləri Azərbaycanın iqtisadiyyatına təsir göstərir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda "Yaşıl maliyyə və dayanıqlı inkişaf" mövzusunda keçirilən forumda bildirib.
"Qlobal iqlim dəyişiklikləri Azərbaycanın iqtisadiyyatına təsir edir. Buna görə də "yaşıl" maliyyəyə yatırımlar təkcə ekoloji faydalar təmin etmək baxımından deyil, həm də davamlı iqtisadiyyat yaratmaq üçün vacibdir. Biz cəmiyyətin "yaşıl" maliyyənin əhəmiyyəti haqqında məlumatlılığının artırılması, maraqlı tərəflər arasında dialoqun qurulması və innovativ həllərin tapılması kimi prioritetlərə daim diqqət yetirməliyik.
Mərkəzi Bank olaraq bu vacib çağırış qarşısında qarşımızda duran prioritetləri dərk edirik və ortamüddətli dövr üçün strateji gündəliyimiz var. Bu gündəliyə normativ-hüquqi bazanın təkmilləşdirilməsi və "yaşıl" investisiyaların stimullaşdırılması kimi vacib vəzifələr daxildir.
Əsas məqsədimiz maliyyə institutlarının portfellərini davamlılıq məqsədlərinə uyğunlaşdırmalarını təmin etmək və onların bu sahədə fəaliyyət göstərməsi üçün lazımi alətlər və rəhbərliklərlə təmin olunmasıdır", - o bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankı və maliyyə sektorunun aparıcı assosiasiyaları tərəfindən BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində “29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsünün mühüm tədbirlərindən olan “Yaşıl maliyyə və dayanıqlılıq forumu” keçirilib.
Hökumət, maliyyə institutları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti kimi vacib tərəfdaşların bir araya gəldiyi bu forumda iqlim dəyişikliyi ilə mübarizə və davamlı iqtisadi artımı təşviq etmək üçün yaşıl maliyyənin əhəmiyyəti müzakirə olunub.
Bu tədbir Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi edəcəyi COP29-a hazırlıq prosesinin mühüm bir mərhələsi kimi qeyd edilib və ölkənin yaşıl maliyyəni qlobal iqlim səylərinin mərkəzinə yerləşdirmək öhdəliyinin möhkəmlənməsinə xidmət edib.