Naxçıvan.Trend:
Naxçıvanda böyük enerji layihələri planlaşdırılıb. Bu gün Naxçıvandakı stansiyaların generasiya gücü 244.8 MVt-dır.
Trend xəbər verir ki, bunu muxtar respublikanın Dövlət Energetika Xidmətinin rəis müavini, rəis vəzisini müvəqqəti icra edən Məhərrəm Abbasov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaxın illərdə 1500 MVt güc əlavə olunacaq:
"Bu, o deməkdir ki, Naxçıvanda enerji istehsalı 5 dəfə artacaq. Mövcud günəş elektrik stansiyalarının sahəsi üzərində günəş enerjisi potensialının qiymətləndirmə nəticələrinə görə bir hektar ərazidə təqribən 0,6 meqavat gücündə stansiya qurulduğu və il ərzində 900.000 kilovatdan artıq elektrik enerjisi istehsal edildiyi müəyyən olunub. Yəni bu, onu deməyə əsas verir ki, Naxçıvanda "yaşıl enerji" potensialı nəzərdə tutulan 1500 meqavatdan da çoxdur”, - deyə o qeyd edib.
Qeyd edək ki, Muxtar respublikanın Arazboyu düzənliklərində günəşli saatların illik miqdarı 2600-2800 saat/il, günəş radiasiyasının illik miqdarı 148–150 kkal/sm2, yüksək dağlıq zonada isə artaraq 152–160 kkal/sm2 arasında dəyişir. Muxtar Respublikada mövcud günəş elektrik stansiyalarında illik hesablamalara əsasən günəş radiasiyasının miqdarının 138–140 kkal/sm2/il arasında olduğu təsdiq edilib.