...

Qızıl bahalaşmaqda davam edir: dünyadakı qiymət artımının Azərbaycan bazarına təsiri - AÇIQLAMA

İqtisadiyyat Materials 26 Oktyabr 2024 17:17 (UTC +04:00)
Qızıl bahalaşmaqda davam edir: dünyadakı qiymət artımının Azərbaycan bazarına təsiri - AÇIQLAMA
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qızılın qiyməti 2,750 ABŞ dollarını keçərək yeni bir rekord həddə çatıb. Ümumiyyətlə, qızıl iqtisadi qeyri-sabitlik dövrlərində vəsaitləri qorumaq üçün etibarlı bir aktiv kimi qəbul edilir. Qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində qızılın investorlar üçün cəlbedici aktiv olaraq qaldığını müşahidə edirik.

Mövzu ilə bağlı Trend-ə açıqlama verən “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov fikirlərini bölüşüb.

O deyib ki, hazırda London əmtəə birjasında bir unsiya qızılın qiyməti 2 720–2 740 ABŞ dolları arasında dəyişir, 999,9 əyarlı qızılın bir qramının qiyməti 88 ABŞ dollar təşkil edir.

Mütəxəssisin sözlərinə görə, bazarda tələbat əsasən 999.9 əyarlı sikkə və külçələrə yönəlib: “Çünki bu yüksək keyfiyyətli qızıl məhsulları daha çox yatırım vasitəsi kimi qəbul edilir və investorlar tərəfindən uzunmüddətli qorunma və sərmayə qoyuluşu məqsədilə üstünlük verilir. Bu sikkə və külçələr, xüsusilə qlobal iqtisadi qeyri-müəyyənliklər və maliyyə bazarlarındakı dəyişikliklər fonunda, sabitlik və dəyər saxlama xüsusiyyətlərinə görə daha çox alınır”.

Mütəxəssis vurğulayıb ki, dünya iqtisadiyyatında baş verən qeyri-müəyyənliklər və geopolitik gərginliklər fonunda investorların qızıla marağı daha da artmaqdadır: “Qızıl artıq təkcə sərfəli bir yatırım vasitəsi kimi deyil, həm də uzunmüddətli iqtisadi təhlükəsizlik və qorunma mexanizmi kimi qəbul edilir. Bu qiymət artımı, eyni zamanda, qlobal iqtisadi böhranların və inflyasiyanın investorlar üçün nə dərəcədə narahatlıq yaratdığını əyani şəkildə nümayiş etdirir.

Qızılın belə yüksək dəyər qazanmasının səbəbləri müxtəlifdir. Bunlar arasında ABŞ-də yaxınlaşan prezident seçkiləri, maliyyə bazarlarında davam edən qeyri-sabitlik və dünya iqtisadiyyatında müşahidə edilən inflyasiya təzyiqləri əsas amillərdir. Seçkilər ərəfəsində siyasi risklərin artması ilə investorlar ənənəvi olaraq qiymətli metal alışını artırır. Mərkəzi bankların faiz dərəcələrini aşağı salması da qiymətli metallara tələbatı daha da yüksəldir”.

R. Əmircanovun sözlərinə görə, bu qlobal tendensiyalar Azərbaycanın qızıl bazarına da birbaşa təsir göstərir: “Dünya birjasında baş verən bahalaşma, ölkəmizdə qızıl və digər qiymətli metallara olan tələbatı artırır. Bu şəraitdə idxal olunan qızıl məmulatlarının qiyməti də dünya bazarındakı qiymətlərə uyğun olaraq yüksəlməkdədir. Müşahidələr göstərir ki, yerli bazarda da qızılın dəyəri dünya birjası qiymətlərinə paralel hər ötən gün artmaqda davam edir. Bu, həm istehlakçılar, həm də investorlara təsir edərək, bazarda qızılın strateji əhəmiyyətini daha da artırır.

Bu proseslərin nəticəsində, Azərbaycanın qızıl bazarı dünya iqtisadiyyatındakı dəyişikliklərdən təsirlənməyə davam edir. Qızılın həm strateji, həm də iqtisadi əhəmiyyəti ölkəmizdə bu metala olan marağın davam edəcəyini göstərir. Dünya bazarında qiymətlərin rekord səviyyəyə çatdığı bir vaxtda Azərbaycan qızıl bazarı bu qiymət artımlarına uyğunlaşır”.

Azərbaycanın hansı ölkələrdən qızıl idxal etdiyindən də danışan mütəxəssis söyləyib ki, bu ölkələr arasında Türkiyə, BƏƏ, İtaliya, Rusiya və Çin kimi güclü oyunçular yer alır: “Xüsusilə Türkiyə və BƏƏ ilə olan ticarət əlaqələri və qiymətlərin digər ölkələrə əsasən daha uyğun olması qızıl bazarında mühüm rol oynayır. Bundan əlavə, son illərdə Azərbaycanın ticarət əlaqələrinin şaxələnməsi və yeni bazarlara çıxış imkanlarının genişlənməsi idxal olunan qiymətli metallarla bağlı ölkələrin sayının da artmasına səbəb olub. Yerli bazarda istehsalın artması ilə yanaşı, rəqabət də əhəmiyyətli dərəcədə güclənir, bu da sektorun dinamikliyini və inkişaf potensialını daha da artırır”.

R. Əmircanov, həmçinin, Azərbaycandan zərgərlik məmulatlarının ixracının ildən-ilə genişləndiyini və bu məhsulların xarici bazarlarda yüksək rəqabətqabiliyyətli olması ilə diqqət çəkdiyini bildirib: “Xüsusilə Türkiyə, BƏƏ, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Rusiya kimi ölkələrdə Azərbaycanın zərgərlik məhsulları böyük tələbat görür. İxrac həcminin davamlı artması yerli zərgərlik sənayesinin beynəlxalq səviyyədə tanınmasına və Azərbaycanın ixrac səbətində bu sahənin strateji əhəmiyyətinin getdikcə daha böyük rol oynamasına səbəb olur. Azərbaycanın zərgərlik istehsalçıları, müasir texnologiya və ənənəvi sənətkarlıq üsullarını birləşdirərək, xarici bazarlarda tələbat görən və yüksək qiymətləndirilən zərgərlik məmulatları təqdim edirlər”.

Mütəxəssis bu ilin əvvəlindən indiyədək Azərbaycanda qızıl istehsalı və ixracının həcminin artdığını deyib: “Beynəlxalq bazarlarda tələbin artması ilə Azərbaycanın qızıl ixracının davamlı şəkildə yüksəlməsi gözlənilir. Getdikcə istehsal və ixrac göstəricilərinin əvvəlki dövrlərlə müqayisədə daha yüksək olacağı proqnozlaşdırılır.

Azərbaycan iqtisadiyyatının diversifikasiyası fonunda qızıl sənayesinin davamlı inkişafı bu sahənin ölkənin ümumi ixrac portfelində strateji əhəmiyyətinin getdikcə daha da möhkəmlənəcəyini deməyə əsas verir”.

“AzerGold”un hasilat və satış həcmləri artıb. Dövlət şirkəti 2024-cü ilin yanvar-sentyabr aylarında hasilat və satış əməliyyatlarını uğurla davam etdirib.

Bu dövr ərzində 48,7 min unsiya qızıl hasil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27% artım anlamına gəlir. Dövlət şirkəti həmçinin 69,2 min unsiya gümüş hasilatı həyata keçirib.

Satış göstəricilərinə əsasən, 2024-cü ilin ilk 9 ayı ərzində "AzerGold" 40,2 min unsiya qızıl və 54,7 min unsiya gümüşü yerli və beynəlxalq bazarlara satıb”, - deyə Rövşən Əmircanov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti