Bakı. Trend:
Avropanın energetika və sənaye sektorunda rəqabət qabiliyyətinin artırılması üçün avrointeqrasiyaya ehtiyac var.
Trend xəbər verir ki, bunu “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanne Davosda keçirilən Dünya İqtisadi Forumunun “Avropanın gücünü necə nümayiş etdirək?” şüarlı sessiyasında çıxışı zamanı bildirib.
“Kapitalın artırılması üçün energetika, rəqəmsal texnologiyalar və maliyyə kimi sahələrdə birliyə ehtiyac var”,- deyə o qeyd edib.
“Ukraynadakı müharibədən sonra mən öz fəaliyyətimi 2022-ci ildə Avropaya qaz tədarükünə həsr etmiş, təbii qazın mayeləşdirilməsi və fasiləsiz tədarükün təmin olunması üzrə yeni üzən qurğuların yaradılması üçün məndən asılı olan bütün imkanları səfərbər etmişəm. Bizə istehlakçıları qorumaq və səmərəliliyi artırmaq üçün Avropa liderləri lazımdır," – deyə Puyanne vurğulayıb.
O, Avropanın enerji sektorunun əsas problemini – üzv ölkələrin siyasətlərində inteqrasiyanın olmamasını qeyd edib.
“Biz hamımız Avropanın iqlimlə bağlı siyasəti ilə razıyıq, lakin enerji sahəsi milli səviyyədə parçalanmış vəziyyətdə qalmaqdadır . Enerji siyasətini inteqrasiya etmədən vahid iqlim gündəmini praqmatik şəkildə həyata keçirmək mümkün deyil", – deyə o bildirib.
O, bərpaolunan enerji mənbələrindən nümunələr gətirərək, enerji investisiyalarının daha yaxşı əlaqələndirilməsinə çağırıb:
"Günəş elektrik stansiyaları İspaniyada, külək elektrik stansiyaları isə Almaniyanın şimalında olmalıdır. Bununla belə, bu gün hər bir ölkənin öz gündəmi var, bu isə kapitalın optimal bölgüsünü və rəqabət qabiliyyətinin bərpasını çətinləşdirir".
Avropanın “yaşıl” iqtisadiyyata keçidi məsələsinə də toxunan Puyanne, “Total Energies”in mühüm dəyişikliklərə can atdığını diqqətə çatdırıb.
“Mən öz investisiyalarımın 30% bərpaoluna bilən enerji və elektrik enerjisinə sərf edirəm. 2025-ci ilə qədər istehsal etdiyimiz enerjinin 10%-ni “yaşıl” elektrik enerjisi təşkil edəcək – beş il əvvəl bunun belə olacağını heç təsəvvürümüzə belə gətirmirdik.
Ekoloji proqram Avropa sənayesini qorumalıdır. Biz sənayenin rəqabət qabiliyyəti ilə ekoloji hədəfləri bir-birilə əlaqələndirməliyik”,- deyə Puyanne bildirib.