Bakı. Trend:
“İntellektual dövr uğrunda əməkdaşlıq” şüarı altında İsveçrənin Davos şəhərində keçirilən 54-cü illik Dünya İqtisadi Forumu qlobal iqtisadi və siyasi prioritetlərin müəyyənləşməsi baxımından həlledici platforma olub. Prezident İlham Əliyev tərəfindən təmsil edilən Azərbaycan forum çərçivəsində keçirilən diskussiyalarda fəal şəkildə iştirak edib və aparılan müzakirələrdə etibarlı iqtisadi tərəfdaş və regional əməkdaşlıq mərkəzi kimi ölkənin artan rolu vurğulanıb.
Prezident İlham Əliyev İsveçrədə olduğu 3 gün ərzində bir sıra dövlət başçıları, aparıcı qlobal korporasiyaların rəhbərləri və ən iri beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirib. Bu danışıqlar Azərbaycanın qarşılıqlı tərəfdaşlığın inkişafında əsas oyunçu kimi mövqeyini daha da möhkəmləndirmiş olub. Müzakirələrdə beynəlxalq investisiyaların cəlb edilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və qlobal enerji təhlükəsizliyi kimi məsələlərə toxunulub ki, bu da öz növbəsində qlobal çağırışların həllində ölkənin strateji əhəmiyyətini vurğulayıb.
Əsas diqqət dünya liderləri ilə danışıqlara yönəlib. Almaniya kansleri Olaf Şolts və Xorvatiya baş naziri Andrey Plenkoviçlə keçirilən görüşlərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsindəki rolu, o cümlədən təbii qaz ixracatının genişləndirilməsi və Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi müzakirə edilib. Latviya prezidenti Edqar Rinkeviçs və Ukrayna prezidenti Volodimir Zelenski ilə aparılan danışıqlarda isə siyasi, iqtisadi və energetika sahələrini ehtiva edən ikitərəfli münasibətlərin inkişafına Azərbaycanın verdiyi dəstək təsdiqini tapıb.
İraq və İsrail rəhbərləri ilə görüşlərdə də iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsinə olan qarşılıqlı maraq vurğulanıb. İraq prezidenti Əbdül Lətif Camal Rəşid və Kürdistan baş-naziri Məsrur Bərzani ilə danışıqlarda ticarət və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələsinə toxunulub, İsrail prezidenti İsxak Hersoqla görüşdə isə Azərbaycan və İsrail xalqları arasında tarixi dostluq bir daha təsdiqini tapıb.
Dünya liderləri ilə yanaşı, Prezident İlham Əliyev bir sıra iri beynəlxalq şirkətlərin rəbhərləri ilə görüşüb ki, bu da bir daha investisiya hədəfi kimi Azərbaycanın cəlbediciliyini vurğulamış olub. “Carlsberg Group” xahişi ilə dövlət başçısı şirkətin müşahidə şurasının sədri Henrik Poulsen və baş direktor Yakob Arup-Andersonla görüşüb. Şirkətin ali nümayəndələri ölkədə mövcud olan əlverişli investisiya mühitini yüksək qiymətləndiriblər və öz məhsullarının Azərbaycandakı lokalizasiyasını genişləndirmək planlarını bəyan ediblər.
DP World şirkətinin rəhbəri və baş direktoru Sultan Əhməd bin Sulayem ilə keçirilən görüş də az əhəmiyyətli olmayıb. Danışıqlarda Azərbaycanın regional nəqliyyat qovşağındakı rolu və “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin açdığı imkanlar müzakirə edilib. Danışıqlar Azərbaycanın qlobal ticarət və logistika inteqrasiyasındakı əhəmiyyətini təsdiqləyib.
Prezident İlham Əliyev eyni zamanda “Goldman Sachs Group İnc.” Korporasiyasının beynəlxalq əlaqələr üzrə prezidenti Cared Koenlə görüş keçirib. 2010-cu ildən bəri Azərbaycanla əməkdaşlıq edən şirkət ölkənin maliyyə sektorunun inkişafına dəstək olmağa və yeni investisiya imkanlarını araşdırmağa hazırlıq ifadə edib. Bu görüş isə öz növbəsində Azərbaycanın qlobal maliyyə sisteminə inteqrasiyasını bir daha təsdiqləyib.
“Oliver Wyman Group” baş direktoru Nik Studer isə görüş zamanı təmsil etdiyi şirkətin Azərbaycandakı iqtisadi islahatlara maraq göstərdiyini diqqətə çatdırıb. Danışıqlar maliyyə bazarları, energetika və ticarət sahələrində əməkdaşlıq məsələrini ehtiva edib, regionda yeni imkanların müəyyən edilməsi məsələsinə isə xüsusi diqqət ayrılıb.
Prezident İlham Əliyevin İsveçrə səfəri zamanı ən əlamətdar görüşlərindən biri də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso ilə keçirdiyi görüş olub. Görüşdə bir sıra cari və gələcək layihələr, o cümlədən Gəncədə su təchizatının idarəedilməsi sisteminin maliyyələşdirilməsi müzakirə olunub. Görüşün sonunda tərəflər kredit sazişi imzalayıblar ki, bu da Azərbaycanın aparıcı beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının növbəti mərhələsi kimi qiymətləndirilə bilər.
Davosda keçirilən mühüm görüşlər Azərbaycanın dünya arenasındakı artan nüfuzunu bir daha təsdiqləmiş olub. Ölkənin etibarlı və uzaqgörən tərəfdaş kimi reputasiyası məhz müdrik siyasət və beynəlxalq sazişlərin uğurlu şəkildə həyata keçirilməsi hesabına formalaşıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Şərq və Qərb ölkələri üçün strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Uğurlu coğrafi mövqeyi, həmçinin enerji, nəqliyyat və maliyyə sahələrində əməkdaşlığa diqqət, ölkəni qlobal problemlərin həllində əhəmiyyətli oyunçuya çevirir.
Dünya liderlərinin və ən iri şirkətlərin Azərbaycanla müzakirələrdə fəal iştirakı Prezident İlham Əliyevin rəhbərliyinə olan etimadın artdığını və ölkənin regionun gələcəyinin formalaşmasındakı əhəmiyyətini nümayiş etdirir. Bu əlaqələr Azərbaycanın iqtisadi potensialını və onun dayanıqlı inkişaf və rifah naminə qlobal tərəfdaşlığa verdiyi dəstəyi vurğulayır.