...

Azərbaycanın Afrika qitəsində Türkiyə ilə birgə əməkdaşlığı üçün geniş perspektivləri var - XİN (FOTO)

Siyasət Materials 23 Yanvar 2025 16:28 (UTC +04:00)
Azərbaycanın Afrika qitəsində Türkiyə ilə birgə əməkdaşlığı üçün geniş perspektivləri var - XİN (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

23 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağcını Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə müttəfiqliyinin müxtəlif aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Boluda baş verən faciəvi yanğınla bağlı qardaş Türkiyə Respublikasına bir daha başsağlığı verib, dəhşətli hadisə nəticəsində vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa arzulayıb, Azərbaycanın hər zaman Türkiyə dövləti və xalqının yanında olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov ölkəmizdə səmərəli diplomatik fəaliyyətinə, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, müttəfiqliyinə verdiyi töhfələrə görə səfir Cahit Bağcıya təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib. Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə müttəfiqliyinin tarixi dönəmlərində səfir kimi fəaliyyətinin yaddaqalan olduğu xüsusilə qeyd olunub.

Azərbaycan-Türkiyə müttəfiqliyinin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə uğurlu inkişafının məmnunluq doğurduğu vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, habelə bir sıra çoxtərəfli formatlar çərçivəsində davamlı dəstək və həmrəyliyimizin əhəmiyyəti qeyd olunub.

Ölkələrimizin geniş anlamda regional və beynəlxalq təhlükəsizliyə töhfə verən birgə fəaliyyətlərin bundan sonra da davam etdiriləcəyinə dair inam ifadə olunub, bu istiqamətdə, Azərbaycanın xüsusilə Yaxın Şərq və Suriyada sabitliyə və humanitar məsələlərin həllinə qardaş Türkiyə ilə birgə dəstək verməyə davam edəcəyi qeyd olunub. Ölkəmizin Afrika qitəsində Türkiyə ilə birgə əməkdaşlığı üçün geniş perspektivlərin olduğu bildirilib.

Səfir Cahit Bağcı Türkiyənin qardaş Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman qürurla xatırlayacağını diqqətə çatdıraraq, göstərilən dəstəyə görə təşəkkür edib, bundan sonra da Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqliyinə əlindən gələn töhfənin verilməsinə hazır olduğunu bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti