Bakı. Trend:
Sosial şəbəkələrdə tanınmış şəxslərə onların profillərində olan dostlarının adından müraciət edərək pul istənilməsi və bu yolla kibertalama əməllərinin törədilməsi barədə polisə çoxsaylı şikayətlər daxil olub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri ərazisində polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 40 yaşlı Eldəniz Mehrəliyev və 34 yaşlı Elnur Məmmədov saxlanılıblar.
Onların bu üsulla müxtəlif məbləğlərdə pul vəsaitləri ələ keçirdikləri müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.