Bakı. Trend:
Bir müddət öncə, ölkədə getdikcə artan kibertəhlükəsizlik
çağırışlarına cavab olaraq, PAŞA Holding-in dəstəyi ilə Azərbaycan
Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən
İsrailin
texnologiya üzrə ən nüfuzlu ali təhsil müəssisəsi – “Technion”
İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təsis
edilmişdir. Sözügedən mərkəzin dördüncü məzun günü keçirilib.
Bu il məzun olan mütəxəssis sayı 100, ümumi müraciyətlərin sayı isə 2000-dən çox təşkil edib.
PAŞA Holding-in dəstəyi ilə Kibertəhlükəsizlik sahəsində regionda lider ölkələrdən hesab edilən İsrailin peşəkar müəllim heyəti Azərbaycana gələrək təlim iştirakçılarını ən son kibertəhlükəsizlik təhdidlərini, tendensiyaları və ən yaxşı təcrübələri əhatə edən bilik və bacarıqlarla təmin ediblər.
Qeyd edək ki, PAŞA Holding Azərbaycanda kibertəhlükəsizlik cəmiyyətinin böyüməsi və inkişafının dəstəklənməsinə sadiq qalır. Mərkəzdə ən müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş sinif otaqları, təlim otaqları, simulyasiya otaqları və laboratoriyalar yaradılıb. Tələbələr həmin laboratoriyalarda tədqiqat apara, müxtəlif kibertəhlükəsizlik məhsulları yarada bilirlər.