Bakı. Trend:
Prezident İlham Əliyev bir müddət öncə İsveçrəyə səfəri çərçivəsində Davosda CGTN telekanalına müsahibəsində mühüm məqamları açıqlamaqla yanaşı, ölkəmizin hədəfləri, eyni zamanda Azərbaycanın iqtisadi gücünü dəqiq şərh edərək görüləcək işlərin qısa anonsunu verməklə qlobal iqtisadi siyasətdə həlledici olan bir çox mövzulara toxunub. Prezident İlham Əliyev müsahibə zamanı nəqliyyat əlaqələri sahəsində əməkdaşlığın vacibliyini vurğulayaraq Azərbaycanın Şərqlə Qərb arasında yüklərin daşınmasını təmin edən Orta Dəhliz layihəsinin qlobal kommunikasiyadakı rolundan danışıb.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
O bildirib ki, bir çox vacib kontekstdə Orta Dəhliz dəmir yolu ticarəti üçün potensial alternativ marşrut kimi Çin, Aİ və daha geniş regionda şirkətlər və hökumətlərin diqqətini çəkməyi bacarıb:
“Rusiya-Ukrayna müharibəsi başlayandan Orta Dəhliz nəqliyyat həcmində böyük artım yaşayıb. 2022-ci ilin yanvar-mart aylarında bu marşrutla 266,3 min ton yük keçib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 123 % çoxdur.
Ümumilikdə, Orta Dəhlizdən istifadə ilə bağlı mövcud çətinliklərə baxmayaraq, dövlətlər və şirkətlər diqqətlərini gələcək tranzit üçün dəhlizin optimallaşdırılmasına yönəltməyə başlayıblar. Qısa müddətdə Orta Dəhliz ölkələri və şirkətləri arasında artan əməkdaşlıq dəmir yollarının, limanların infrastrukturun yaxşılaşdırılmasına kömək edəcək. Nəticədə bu təkmilləşdirmələr daha çox yük həcminin Şimal Dəhlizindən Orta Dəhlizə, xüsusən də Çin-Aİ ticarəti ilə yenidən istiqamətləndirilməsinə səbəb ola bilər”.
Millət vəkili vurğulayıb ki, Zəngəzur dəhlizi bu marşrutun ən vacib hissəsidir.
“Heç şübhəsiz, Zəngəzur dəhlizi ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək. Ən əsası isə odur ki, bu dəhliz coğrafi baxımdan bütün Türk dünyasını birləşdirəcək. Zəngəzur dəhlizinin açılması tarixi ədalətsizliyə son qoyacaq və bütün Türk dünyasının inteqrasiyasına yeni fürsətlər yaradacaq”, - deyə M.Cəfərov qeyd edib.
Milli Məclisin deputatı Nigar Məmmədova isə Trend-ə açıqlamasında bildirib ki, Orta Dəhliz Türkiyədən Qafqaza uzanan, Xəzər dənizindən keçərək Türkmənistan və Qazaxıstan vasitəsilə Çinə çatan tarixi İpək Yolunu canlandırmaq məqsədi daşıyır:
“Qırmızı dənizin blokadası və Rusiya-Ukrayna müharibəsinin dərinləşməsi nəticəsində yaranan geosiyasi mənzərə alternativ nəqliyyat dəhlizinin yaranmasını aktuallaşdırdı. Belə ki, regionda yaranmış münbit geosiyasi şəraitdə Avropa və Asiya arasında ən qısa və rahat marşrut olan Orta Dəhlizə maraq daha da artıb. Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri Şimal dəhlizindən istifadə 50% azalıb”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın təbii coğrafi mövqeyi, mövcud əlverişli nəqliyyat infrastrukturu Çin və Mərkəzi Asiya ölkələri arasında əlaqələr üçün perspektivlidir:
“Bu kontekstdə tərəfləri birləşdirən Orta Dəhlizin, daha geniş miqyasda “bir kəmər, bir yol” layihəsinin mühüm rolu var. Belə ki, dövlət başçısı Çin televiziyasına müsahibəsində də bu layihələrin ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr istiqamətində bir sıra məsələlərin həlli üçün effektiv mühit yaratdığını bildirir. Orta Dəhlizin rəqəmsallaşdırılması isə onun Mərkəzi Asiya ölkələrindən Qərb istiqamətinə, eyni zamanda Qərb istiqamətindən də Çinə və Mərkəzi Asiyaya yüklərin həcminin artmasına müsbət təsir göstərən faktorlardan biridir.
2017-ci ildə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsi mühüm sütuna çevrildi. BTQ sayəsində artıq fasiləsiz dəmir yolu infrastrukturu yaradılıb. Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Avropaya yüklərin Orta Dəhliz ilə çatdırılması müddətinin dəniz daşımalarına nisbətən iki dəfədən çox azaldılmasına imkan yaradır. Gələcəkdə Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası nəzərdə tutulur. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır”.
Deputat qeyd edib ki, Orta Dəhliz vasitəsilə ticarət əlaqələrinin genişlənməsi, Azərbaycana regional və beynəlxalq ticarət yollarında mərkəzi mövqe qazandıra bilər.
“Bu, iqtisadiyyatın diversifikasiyasına və ticarət həcminin artırılmasına kömək edəcək. Orta Dəhlizin inkişafı xarici investisiyaların cəlb edilməsi, infrastruktur layihələri, eyni zamanda yeni iş yerləri deməkdir. 2030-cu ilədək Orta Dəhliz boyunca ticarət həcminin üç dəfə artırılması, nəqliyyat müddətlərinin daha da azaldılması nəzərdə tutulur. Zəngəzur dəhlizi Orta Dəhlizin geosiyasi əhəmiyyətini daha da artıracaq”, - deyə o, fikrini tamamlayıb.