Bakı. Trend:
İşğaldan azad edilmiş digər ərazilərdə də ASAN xidmət mərkəzlərinin açılması məsələsinə baxılacaq
Trend xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
"İğaldan azad olunmuş ərazilərdə çox böyük infrastruktur layihələri həyata keçirilir, vətəndaşlarımızın o ərazilərə köçü ilə bağlı şərait yaradılır. Vətəndaşlarımız həmin ərazilərə köçdükdən sonra orada "ASAN xidmət" mərkəzləri də fəaliyyət göstərəcəkdir. Hazırda Şuşada ASAN Xidmət fəaliyyətdədir. Gələcəkdə əhali tam məskunlaşdıqdan sonra artıq digər bölgələrdə, rayonlarda da bu məsələyə baxılacaq", - o bildirib.
Onun sözlərinə görə, artıq 25 ölkə və beynəlxalq təşkilat ASAN Xidmətlə saziş imzalayıb.
"Biz ASAN Xidmətin təcrübələrini həmin ölkə və təşkilatlarla paylaşırıq. Demək olar ki, 4 qitədə ölkələr ASAN Xidmət təcrübəsini öyrənilər və bu proses də davam edir", - o bildirib.
Xatırladaq ki, Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətmişdir.
Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.