Bakı. Trend:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Macaristan Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə, 12.02.2025-ci il tarixində Azərbaycan Respublikası Tibb Universiteti və Scandens Pharmaceutical Industrials Ltd. əczaçılıq zavodunun nümayəndələrinin, Macarıstan Respublikasının Pécs Universitetinə rəsmi səfəri baş tutub.
Pécs Universiteti 1367-ci ildə Kral I Ludovik tərəfindən təsis edilib və Macarıstanda ilk, Mərkəzi Avropada isə dördüncü universitet olaraq tarixə adını qızıl hərflərlə yazdırıb.
Scandens Pharmaceutical Industries 2016-cı ildə təməli Azərbaycanda qoyulan elmi əsaslı əczaçılıq zavodudur.
Səfərin məqsədi Pécs Universiteti ilə Pannon Pharma arasında olan mövcud bilik və təcrübə mübadiləsi, o cümlədən tədris metodikasını, Azərbaycan Tibb Universiteti və Scandens Pharmaceutical şirkəti arasında tətbiq etməkdir.
Bu təşəbbüsün əsas hədəfi kimi tələbə və təcrübə mübadiləsi, həmçinin ixtisaslaşma, doktorantura, ikili diplom və s. olaraq nəzərdə tutulub.
Dördlü əməkdaşlıq çərçivəsində, tərəflər arasında elmi və tədqiqat sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, əczaçılıq sənayesində beynəlxalq çərçivədə yerli kadr potensialının gücləndirilməsinə töhfə verməkdir.
Bundan əlavə qeyd edək ki, Scandens tərəfi, Pécs Universitetində təhsil alan Azərbaycanlı tələbələrlə görüş təşkil edərək, onları, yerli əczaçılıq sahəsindəki yeniliklər və gələcək imkanlar barədə də bilgiləndirib. Burada məqsəd, məhz, Azərbaycanlı tələbələri yerli əczaçılıq sahəsində peşəkar fəaliyyətə cəlb etmək və ölkənin sənaye inkişafına qatqı təmin etmələrini təşviq etməkdir.
Səfərin sonunda, Azərbaycan və Macarıstan arasında təhsil və elmi əməkdaşlığın inkişafı istiqamətində memorandum kimi əhəmiyyətli addımlar atılması qərara alınıb.