Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycandan Ukraynaya 21,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,5 milyon ABŞ dolları və ya 3,4 dəfə çoxdur.
Dövr ərzində Ukraynaya qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 8,88%-ni təşkil edib.
Bununla da Ukrayna Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 5-ci pillədə qərarlaşıb.
Eyni zamanda, cari ilin yanvarında Azərbaycanla Ukrayna arasında ticarət əməliyyatlarının həcmi 44,4 milyon ABŞ dolları olub. Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 9,8 milyon ABŞ dolları və ya 28,2% çoxdur.
Hesabat ayında Azərbaycandan Ukraynaya 22,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da 2024-cü ilin yanvar ayındakı göstəriciyə nisbətən 15,9 milyon ABŞ dolları və ya 3,3 dəfə çoxdur.
Bu ilin yanvarında Azərbaycana Ukraynadan məhsul idxalı illik müqayisədə 6,1 milyon ABŞ dolları və ya 22% azalaraq 21,7 milyon ABŞ dollarına çatıb.
Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.
Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5 milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910 milyon dollar və ya 79,7% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.