Bakı. Trend:
2024-cüil ərzində "mygov" rəqəmsal hökumət platformasının funksionallığı və imkanları artırılıb. Şəxsiyyət vəsiqəsi, doğum, ölüm, nikah şəhadətnaməsi kimi zəruri rəqəmsal sənədlər platformaya əlavə olunub və hüquqi qüvvələri təmin edilib. Vətəndaşlar bu sənədləri rəqəmsal formada aidiyyəti qurumlarla bölüşə bilirlər.
Bu barədə Trend İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən rəqəmsal hökumətin inkişaf dinamikasını əks etdirən 2024-cü il göstəricilərinə istinadən xəbər verir.
Bildirilib ki, bundan əlavə, "Məlumatlarım" bölməsində
vətəndaşlara aid 45-dən çox məlumat əks olunub. Platformada
məhkumluq haqqında arayışın alınması, YİHO üçün qeydiyyat, elektrik
doldurma məntəqələrinin siyahısı, pensiya kalkulyatoru, notariat və
kommunal sahələrə aid xidmətlər də yer alır. Eyni zamanda əsas
həyat hadisələri üzrə xidmətlər də rəqəmsallaşıb. Belə ki,
vətəndaşlar artıq doğum şəhadətnaməsi, nikah şəhadətnaməsi və ölüm
haqqında şəhadətnamənin əldə edilməsi üçün "mygov" vasitəsilə
rəqəmsal formada müraciət edə bilirlər.
2024-cü il göstəricilərinə görə, "mygov"un istifadəçi sayı 964 min,
tətbiq üzərindən aparılan əməliyyatların sayı 923 min, aktiv
istifadəçi (30 gün ərzində istifadə) sayı 415 min olub. Platforma
üzərindən vətəndaşlara 565 min bildiriş göndərilib. İstifadəçilərin
rəylərinə əsasən, məmnuniyyət səviyyəsi 97% təşkil edib.