...

TANAP-la nəql edilən Azərbaycan qazının ümumi həcmi açıqlanıb

İqtisadiyyat Materials 17 Mart 2025 16:46 (UTC +04:00)
TANAP-la nəql edilən Azərbaycan qazının ümumi həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) istismara verildiyi gündən bu ilin mart ayının 1-ə kimi nəql edilmiş Azərbaycan qazının həcmi 76,1 milyard kubmetr olub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sosial şəbəkə hesablarında paylaşım edilib.

Məlumata görə, bu müddət ərzində Avropaya 44,4 milyard kubmetr, Türkiyəyə 31,7 milyard kubmetri qaz nəql edilib.

Qeyd edək ki, TANAP Azərbaycanın "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazı Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinə nəql edir. TANAP-ın ümumi dəyəri yeddi milyard dollardan azdır.

TANAP-ın ilkin ötürmə gücü ildə 16 milyard kubmetr qaz təşkil edir və gələcəkdə bu həcmin 31 milyard kubmetrə qədər artırılması mümkündür. Bu qazın təxminən 6 milyard kubmetri Türkiyəyə, qalan hissəsi isə Avropaya çatdırılır.

TANAP qaz kəmərinin Türkiyə ərazisində doldurulmasına 2018-ci ilin yanvar ayının sonunda başlanılıb.

TANAP-ın istismara verilməsi mərasimi 12 iyun 2018-ci ildə Türkiyənin Eskışəhər şəhərində keçirilib. Türkiyəyə ilk kommersiya qaz tədarükü 30 iyun 2018-ci ildə başlanıb. TANAP-ın Avropa ilə birləşməsinin açılış mərasimi 30 noyabr 2019-cu ildə Türkiyənin İpsala (Edirnə vilayəti) şəhərində baş tutub.

Genişləndirmə üçün ötürmə gücünün ildə 24 milyard kubmetrə çatdırılması məqsədilə bir neçə əlavə kompressor stansiyasının quraşdırılması tələb olunur. Gücün 31 milyard kubmetrə çatdırılması üçün ümumilikdə yeddi kompressor stansiyası lazım olacaqdır.

Hal-hazırda Trans-Anadolu qaz kəməri vasitəsilə hidrogen qarışığının nəqli imkanları araşdırılır. Texniki baxımdan TANAP vasitəsilə nəql edilən təbii qazın tərkibində hidrogenin payı 2 faiz səviyyəsində ola bilər.

TANAP sisteminin hesablanmış istismar müddəti 2062-ci ilə qədər davam edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti