Bakı. Trend:
“Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv olunur.
Trend-in əldə etdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ 1005 Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 6 ünvanına, Azərbaycan İnvestisiya Holdinqinə bildirə bilərlər.
Xatırladaq ki, 2024-cü ilin dekabrın 27-də Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin ləğv edilməsi, bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ASC-nin aşağıdakı müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib:
- “Azərbaycan alüminiumu” ASC;
- “Azəralüminium” MMC;
- “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC
Qeyd edək ki, ASC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 500 milyon manat olan ASC-nin qanuni təmsilçisi isə Nəbizadə Kamran Telman oğludur.