...

Azərbaycanla Rusiya arasında ticarət əməliyyatları 70%-ə yaxın artıb

İqtisadiyyat Materials 21 Mart 2025 11:45 (UTC +04:00)
Azərbaycanla Rusiya arasında ticarət əməliyyatları 70%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Rusiyaya 150,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,6 milyon ABŞ dolları və ya 2,3% azdır.

Hesabat dövründə Rusiyaya qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 31,09%-i həcmində olub. Bununla da Rusiya Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.

Bundan başqa, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 997,9 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 406,7 milyon ABŞ dolları və ya 68,8% çoxdur.

Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11,21%-i həcmində olub. Bununla da Rusiya Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Rusiyaya 150,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,3 milyon ABŞ dolları və ya 2,7% azdır. Hesabat dövrü ərzində Rusiya ilə ixrac əməliyyatları Azərbaycanın ümumi ixracının 3,17%-ni təşkil edib.

Bu ilin yanvar-fevral aylarından Rusiyadan Azərbaycana 847,1 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 410,9 milyon ABŞ dolları və ya 94,2% artım deməkdir.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.

Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və 1,7 milyard dollar və ya 69,2% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti