Bakı. Trend:
Bu gün artıq Azərbaycanda yeni dizayn olunmuş bir qiymətləndirmə sektoru formalaşmaqdadır.
Trend xəbər verir ki, bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) VIII hesabat-seçki konfransında çıxışı zamanı cəmiyyətin sədri Vüqar Oruc deyib.
O bildirib ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC)
1998-ci ildə yaradılmasına və 1999-cu ildə Ədliyyə Nazirliyində
qeydiyyatdan keçməsinə baxmayaraq, bu gün də AQC öz aktuallığını
saxlayır və proseslərə öz töhfələrini verməkdədir: "Məhz bizim
dövrümüzdə qiymətləndiricilərin beynəlxalq əlaqələrin inkişafı
istiqamətində mühüm addımlar atıldı. Beynəlxalq Qiymətləndiricilər
Standartları Komissiyasının üzvü kimi biz çox aktiv fəaliyyət
göstəririk.
2022-ci ildə sədr seçildikdən sonra ilk səfərimizi qardaş Türkiyəyə
oldu. Həmin səfərdə biz Türk tərəfi ilə razılaşdırdıq ki, əgər
bütün istiqamətlərdə dövlət rəhbərliyi Türk dövlətlərinin birliyi
istiqamətində addımlar atırsa, niyə qiymətləndiricilər bu
təşəbbüsdən çıxış etməsin? Öhdəmizə götürdük ki, Şimali Kipr Türk
Cümhuriyyətini Türkiyə tərəfi, digər Orta Asiya Türk dövlətlərini
isə Azərbaycan tərəfi bir araya gətirsin və yeni birlik
formalaşdırsın".
"2024-cü ilin mayında Azərbaycanda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının 3-cü konfransı keçirildi. Həmin konfransda rəhbərliyin Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə həvalə olundu", - V. Oruc rəhbərlik etdiyi qurumun əldə etdiyi nailiyyətlərlə bağlı məlumatları bölüşüb.
Qeyd edək ki, bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) VIII Hesabat-Seçki Konfransını keçirir.
Konfransda Cəmiyyətin son illərdəki fəaliyyəti ilə bağlı hesabat təqdim olunacaq. AQC-nin sədri, İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının yeni üzvləri seçiləcək. Tədbir çərçivəsində qiymətləndirmə sahəsinin aktual problemləri və sektorun inkişaf perspektivləri müzakirə olunacaq.
Konfransda dövlət rəsmiləri, Milli Məclis deputatları, ictimai xadimlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edəcəklər. Həmçinin qiymətləndirmə sahəsində fəaliyyət göstərən ekspertlər və mütəxəssislərin də tədbirə qatılması nəzərdə tutulur.
Həmçinin təşkilati məsələlər müzakirə olunacaq, hesabat
məruzələri təqdim ediləcək, rəsmi qonaqlar çıxış edəcək və gizli
səsvermə yolu ilə yeni rəhbərlik seçiləcək.
Konfransın sonunda Azərbaycan Qiymətləndiriciləri adından
Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlanacaq.