Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanla Belarus arasında ticarət əməliyyatlarının həcmi 101,6 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 2,9 milyon ABŞ dolları və ya 2,7% azdır.
Hesabat dövründə Belarus ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,84%-i həcmində olub.
Cari ilin yanvar-mart aylarında Azərbaycandan Belarusa 17,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,7 milyon ABŞ dolları və ya 80,1% çoxdur.
Eyni zamanda 2025-ci ilin yanvar-mart aylarında Belarusdan Azərbaycana 84,4 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 10,5 milyon ABŞ dolları və ya 11,1% azalma deməkdir.
Bundan əlavə, bu ilin ilk üç ayı ərzində Azərbaycandan Belarusa 17,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,8 milyon ABŞ dolları və ya 82,8% çoxdur.
Hesabat dövründə Belarusa qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 2,23%-i həcmində olub. Bununla da Belarus Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.
Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.