Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında 2,682 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları baş tutub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 764 milyon ABŞ dolları və ya 39,8% çoxdur. Belə ki, 2024-cü ilin ilk dörd ayında Azərbaycanla MDB ölkələri arasındakı ticarət əməliyyatlarının dəyəri 1,918 milyard ABŞ dolları təşkil etmişdi.
Hesabat dövründə bu ölkələrdən idxal olunan malların dəyəri 2,197 milyard ABŞ dolları olub. Bu, illik müqayisədə 743 milyon ABŞ dolları, yaxud da 51,1% çoxdur.
Eyni zamanda, bu ölkələrə ixrac 485 milyon ABŞ dolları təşkil edib ki, bu da, illik müqayisədə 21 milyon ABŞ dolları, yaxud da 4,5% artıb.
2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana MDB ölkələrindən idxalın dəyəri 1,454 milyard ABŞ dolları, ixracın dəyəri isə 464 milyon ABŞ dolları olmuşdu.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 milyard ABŞ dolları və ya 24,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Bu da 2024-cü ilin ilk 4 ayındakı göstərici ilə müqayisədə müvafiq olaraq 616,1 milyon ABŞ dolları (və ya 7,5%) və 2,7 milyard ABŞ dolları (və ya 48,8%) çoxdur.
Nəticədə xarici ticarətdə 651,792 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb ki, bu da 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 4,15 dəfə azdır.