Bakı. Trend:
"PAŞA Holding"in korporativ sosial məsuliyyət (KSM) çərçivəsində
həyata keçirdiyi “Fərqindəlik” layihəsi ölkə üzrə səhiyyə
savadlılığının artırılmasına və erkən diaqnostika imkanlarının
genişləndirilməsinə mühüm töhfə verməkdə davam edir. 2025-ci ilin
əvvəlində start götürən layihənin bu günə qədər iki mərhələsi
uğurla icra olunub.
Cari ilin mart-aprel aylarında baş tutan layihənin ilk mərhələsində
“Erkən müayinə can qurtarır!” devizi altında ölkənin səkkiz
rayonunda səyyar tibbi aksiyalar təşkil edilib. Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi, "All Medical" şirkəti, yerli
klinikalar və icra strukturlarının əməkdaşlığı ilə həyata keçirilən
tədbirlər çərçivəsində ümumilikdə 2 910 nəfər müayinədən keçib.
Müayinələr nəticəsində:
• 990 nəfərdə şəkərli diabet və hormonal pozuntular,
• 330 nəfərdə qalxanvari vəz patologiyaları,
• 810 nəfərdə isə daha əvvəl qeydiyyata alınmamış diabet faktı
aşkar edilib.
Risk qrupuna daxil olan 450 nəfər İcbari Tibbi Sığorta sisteminə
yönləndirilib. Bundan əlavə, 890 şəxsə şəkərölçmə cihazı təqdim
olunub.
Avqust ayında başlayan layihənin ikinci mərhələsi sentyabrda da
davam edəcək. Bu mərhələdə səyyar tibbi müayinələr Kürdəmir və
İmişlidə həyata keçirilib, yaxın günlərdə isə onların Salyan və
Lənkəranda təşkil olunması planlaşdırılır.
“Fərqindəlik” layihəsi region əhalisinin ilkin tibbi yardıma
əlçatanlığını artırmaqla yanaşı, vətəndaşların sağlamlıq
vərdişlərini gücləndirməyə və xəstəliklərin erkən mərhələdə
aşkarlanmasına şərait yaradır.