Bakı. Trend:
2030-cu ilədək Çin–Azərbaycan–Avropa marşrutu (Orta Dəhliz) üzrə daşımaların həcmi iki dəfə arta bilər.
Bu barədə Trend-ə Almaniyada yerləşən və multimodal daşımalarla, eləcə də təchizat zəncirlərinin idarə olunması ilə məşğul olan beynəlxalq logistika qrupu - "Rhenus Logistics" şirkətindən məlumat verilib.
“Şirkət Çin–Azərbaycan–Avropa marşrutu üzrə yükdaşımaların həcmi üçün yüksək və dayanıqlı artım potensialı görür. Qlobal təchizat zəncirlərinin şaxələndirilməsi və şirkətlərin daha dayanıqlı nəqliyyat həlləri axtarması fonunda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ehtiyat marşrutdan əsas ticarət yoluna çevrilib.
Son iki ildə Transxəzər marşrutu üzrə konteyner daşımaları ildə təxminən 35–40 faiz artaraq, 2022-ci ildəki 1,5 milyon ton göstəricidən 2024-cü ildə təxminən 3,2 milyon tona çatıb. Bakı, Aktau və Kurık kimi əsas logistika qovşaqlarına davam edən investisiyalar, həmçinin Qazaxıstan, Azərbaycan və Gürcüstan arasında dəmir yolu əlaqələrinin daha yaxşı koordinasiyası nəzərə alınmaqla, yükdaşımaların həcminin 2030-cu ilədək iki dəfə artacağı gözlənilir”, – deyə "Rhenus Logistics"də qeyd ediblər.
Şirkətdən əlavə edilib ki, liman və dəmir yolu infrastrukturunun daha da inkişafı, eləcə də səmərəli multimodal əlaqələndirmə yaxın illərdə daşımaların həcminin artımını stimullaşdırmaqda davam edəcək.
"Rhenus"un regionda və əsas terminallarda fəal mövcudluğu bu artımı dəstəkləməyə və dəhliz boyunca etibarlı, dayanıqlı logistika həlləri təmin etməyə imkan verir.
Qeyd edək ki, Orta Dəhliz (həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – TITR kimi tanınır) Asiyanı Avropa ilə birləşdirən nəqliyyat və ticarət yoludur və ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ kimi çıxış edir. Marşrut Çindən başlayır, Mərkəzi Asiya ölkələrindən (Qazaxıstan, Özbəkistan, Türkmənistan) keçir, Azərbaycan vasitəsilə Xəzər dənizini aşır, daha sonra Gürcüstan və Türkiyə üzərindən davam edərək Avropaya çatır. Bu quru marşrutu daha uzun dəniz yollarını keçməyə imkan verir və Şərqi Asiyanı, o cümlədən Çini birbaşa Avropa ilə əlaqələndirir.
