Bakı. Trend:
Ötən il iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalsa da, qeyri neft-qaz sektorunda isə 2,7 faiz artıb.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, sənayedə qeyri neft-qaz sektorunun artım tempi daha yüksək olub:
“Ötən il sənayenin qeyri neft-qaz sektorunda isə 5,5 faiz artm qeydə alınıb. Enerji bazarlarındakı volatilliyə baxmayaraq, qeyri neft-qaz sektorundakı artım iqtisadi inkişafın dayanıqlığını gücləndirməkdədir. İslahatlar iqtisadiyyatın şaxələndirilməsi prosesini də sürətləndirməkdədir. 2026-cı ildə qeyri neft-qaz sektoru büdcə gəlirlərinin 57, ÜDM-in isə 68 faizini formalaşdıracaq”.
Deputat vurğulayıb ki, yalnız ötən il reallaşan 5-ci sosial paket 3 milyondan çox vətəndaşı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət edib:
“2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Prezident İlham Əliyevin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib. 2024-cü ildə respublika üzrə orta aylıq əmək haqqı 8.1 faiz artmışdırsa, ötən ilin ilk 11 ayında artım 9.3 faiz olub. 2025-ci ilin yekun nominal orta aylıq əmək haqqı artım fazinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir. İlkin gözlənti 9.2 faiz maaş artımıdır”.
V.Bayramov əlavə edib, yaxın günlərdə bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək:
“9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1,1 milyondançox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq. 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9 %-dən çox artım deməkdir”.
Milli Məclisin üzvü qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsindən sosial istiqamətə 17.1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.
“Bu 2026-cı ildə də sosial müdafiənin güclənməsi əsas prioritetlərdən olaraq qalacağından xəbər verir”, - deyə o fikrini tamamlayıb.
