Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ Əmək Nazirliyi Azərbaycan əhalisinin sosial reabilitasiyası siyasətini gücləndirir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərlinin verdiyi məlumata görə, nazirlik bu istiqamətdə14 proqram işləyib hazırlamağı planlaşdırır.
"Sosial reabilitasiya proqramı həmçinin iş qabiliyyəti olmayan və ünvanlı sosial yardım alan insanların qayğısına qalan insanların işlə təmin olunmasını nəzərdə tutur" - deyə Kələntərli bildirib.
Əmək Nazirliyinin məlumatına görə, Azərbaycanda sentyabrın 1-nə olan məlumata görə, 60155 ailə ünvanlı sosial yardım alır.
Kələntərlinin sözlərinə görə, iş qabiliyyəti olmayan insanların qayğısına qalan insanların işə təyin olmasından sonra ünvanlı sosial yardımın məbləği yaşayış minimumuna qədər qaldırıla bilər.
Hazırda ünvanlı sosial yardım bir ailə üçün 77 manat 98 qəpik, bir nəfər üçün isə 16 manat 36 qəpik təşkil edir, parlament tərəfindən təsdiq olunan bir nəfərin yaşayış minimumu 64 manat təşkil edir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının məlumatına görə, iyulun əvvəlində bir nəfər üçün aylıq istehlak səbəti orta hesabla 96 manat təşkil edib.
Kələntərlinin sözlərinə görə, əmək nazirliyi yeni sistemin tətbiqi üçün üç pilot rayon seçib.
"Bu, Bakının Nizami, həmçinin ölkənin Quba və İsmayıllı kimi rayonlarıdır" - deyə o qeyd edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sentyabrın 1-də Azərbaycanda işsizlərin sayı 51614 nəfər, işləyən əhalinin sayı isə təxminən 4 milyon təşkil edib.