Azərbaycan, Bakı, 03 may / Trend , müxbir S.Babayeva/ Bu gün Azərbaycanın taxıla olan təlabatının təxminən 70 faizi daxili istehsal hesabına ödənilir. Bu barədə şənbə günü jurnalistlərə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov məlumat verib.
"Biz bu gün daxili bazarın taxıla olan bütün təlabatını ödəyə bilmirik", - deyə o bildirib.
Abbasov bildirib ki, bu il əlavə 120 min ha-lıq əkin sahəsi hesabına taxıl istehsalı 300-350 min ton artacaq.
Nazir bildirib ki, may ayı üçün ölkədə taxıl ehtiyatı 500 min ton təşkil edir.
Bu il Azərbaycanda 2,3 mln. ton həcmində buğdaistehsalı proqnozlaşdırılır. Ölkənin taxıla olan illik təlabatı 3 mln. ton təşkil edir. Bu həcmin 1,5 mln. tonu ərzaq taxılının payına düşür. Qazaxıstan aprel ayında dünya üzrə taxılın qiymət artımı fonunda daxili bazarını müdafiə etmək məqsədi ilə payıza qədər buğda ixracına qadağa tətbiq edib. Azərbaycan taxılın bir hissəsini Qazaxıstandan idxal etdiyindən, ixraca tətbiq edilən qadağa artıq Azərbaycanın bir sıra regionlarında çörəyin qiymətinin üç dəfə artmasına gətirib çıxarıb.