Azərbaycan, Bakı, 16 oktyabr/ Trend , müxbir N.İsmayılova/ Azərbaycanın Kapital Bankının İdarə Heyətinin sədri Rauf Rzayev avronun məzənnəsinin bundan sonra da düşəcəyini proqnozlaşdırır.
"Bank Avropa valyutasına qarşı qısamüddətli mövqedə dayanacaq və onun məzənnəsinin bundan sonra da azalacağını proqnozlaşdırır", - Rzayev cümə axşamı brifinqdə bildirib.
Onun sözlərinə görə, bank diqqəti daha çox Amerika dolları və manata yönəltməyə hazırlaşır. Rzayev bunu dolların sabitləşməsinin və məzənnəsinin gələcək möhkəmlənməsi ilə izah edib.
Oktyabrın 16 - da avronun məzənnəsi 1,09 manatadək düşərək, 2008 - ci il ərzində ən aşağı göstəriciyə çatıb. 2007-ci ilin yekunları üzrə avronun orta məzənnəsi 1,245 manat təşkil edib.
KapitalBank-ın səhmdarlarının strukturu aşağıdakı kimidir: Ata Holding - 35 faiz, Xalq Bank - 20 faiz, Pasha Holding - 15 faiz, Azersun Holding - 15 faiz, Xalq Sigorta - 7,5 faiz. Qalan paket fiziki şəxslər və əmək kollektivi arasında bölünüb və səhmlərin, müvafiq olaraq, 5 və 2,5 faizi onlara məxsusdur.
2008-ci il oktyabrın 1-nə olan vəziyyətə görə, KapitalBank-ın cari balansı 78 mln. manat, aktivləri - 422 mln. manat təşkil edib. 2008 - ci ilin doqquz ay ərzində bankın gəlirləri 44 mln. manata bərabər olub.
Oktyabrın 16-na olan cari mübadilə məzənnəsi -- 0,8091 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]