Azərbaycan, Bakı, 28 oktyabr/TrenCapital, müxbir İ.Əlizadə/ Azərbaycanın Milli Məclisi çərşənbə axşamı, 101 səs "lehinə", iki səs "əleyhinə" və bir səs bitərəf olmaqla, ölkənin Baş naziri vəzifəsinə Artur Rasizadənin namizədliyini təsdiqləyib.
Azərbaycan prezidenti İlham Əliyev yenidən dövlət başçısı seçilməsi ilə əlaqədar ölkə hökumətinin tərkibini buraxıb. Azərbaycanda seçkilər oktyabrın 15-də keçirilib. Hakim Yeni Azərbaycan Partiyasından namizəd İlham Əliyev ölkə prezidenti seçilib.
Prezident Baş nazir səlahiyyətlərini icra edən Rasizadənin namizədliyini parlamentin müzakirəsinə təqdim edib.
Artur Tahir oğlu Rasizadə 1935-ci ildə Gəncədə anadan olub. SSRİ -nin mövcud olduğu dövrdə Azərbaycan Kommunist Partiyasının funksioneri olub. 1957-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra, Azərbaycan Neft Maşınqayırma İnstitutunda mühəndis kimi işləməyə başlayıb. 1973-cü ildə bu institutun elmi işlər üzrə direktor müavini, 1977-ci ildə Azərbaycan Maşınqayırma İnstitutunun direktoru vəzifəsinə təyin olunub. 1978-1981- ci illərdə Azərbaycan SSR Dövlət Planlaşdırma İdarəsində işləyib.
1986 -1992-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini olub. 1996-cı ilin mayında Baş nazirin birinci müavini , həmin ildə, noyabrın 26 - da isə, Baş nazir vəzifəsinə təyin edilib.
2003-cü il avqustun əvvəlində Rasizadə Baş nazir vəzifəsini İlham Əliyevə güzəştə gedib və üç ay ərzində Azərbaycan Respublikası hökumətində Baş nazirin birinci müavini vəzifəsində qalıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]