...

Bağdad Kərkük neftini kürd administrasiyasının idarəsinə verməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2008 11:21 (UTC +04:00)
Bağdad Kərkük neftini kürd administrasiyasının idarəsinə verməyəcək

Azərbaycan, Bakı, 30 oktyabr/ Trend müxbirlər B. Həsənov, Ü. Sadıqova/ Kürd administrasiyası "Kərkük" yatağının neftindən yalnız İraqın mərkəzi hökumətinin müəyyənləşdirdiyi qanunlar çərçivəsində istifadə edə biləcək.

"İraq höküməti Kərkük neftini tamamilə idarə etmək və kürdlərə veriləcək neft gəlirinin miqdarını müəyyənləşdirmək istəsə də, regional kürd administrasiyası buna mane olmağa çalışır" - türkiyəli ekspert Fikrət Ərtan cümə axşamı Trend -a telefonla bildirib.

Beynəlxalq Böhran Qrupu yaxın vaxtlarda İraqda kürdlərlə ərəblər arasında ciddi münaqişənin yarana biləcəyini bildirib. Münaqişəyə səbəb kimi, Kərkük şəhərindəki neft yataqları göstərilir, - CNNTURK telekanalı məlumat verib.

İraqın iri "Kərkük" neft yatağı 1934 - cü ildən istismar edilir. Neft layları 300 -1400 metr dərinlikdə yerləşir. Hasil edilən neftin sıxlığı 0,84-0,86q/kubsantimetr, kükürdün miqdarı - 2 faiz. Geoloji xammal ehtiyatları 2,2 mlrd. ton təşkil edir. "Kərkük"dən hasil edilən neft daimi fasilələrlə boru kəməri ilə Türkiyənin Ceyhan limanına nəql edilir.

"Neft şəhəri" Kərkükün əhalisi, əsasən, türkmənlərdən, kürdlərdən və ərəblərdən ibarətdir.

İraqın şimalındakı regional kürd administrasiyası buradakı neft yataqlarını müstəqil şəkildə istismar etməyə çalışır. Ərəblər və türkmənlər, o cümlədən Bağdad hökuməti kürdlərin bu cəhdlərinə ciddi etiraz edərək, neft gəlirlərinin bütün etnik qruplar arasında bərabər bölüşdürülməsini tələb edirlər.

Bağdad, kürd administrasiyasının neft yataqlarının müstəqil istismar edilməsi barədə tələblərinin ölkə Konstitutsiyasına zidd olduğunu bildirir.

İraq parlamentinin deputatı Fevzi Əkrəmoğlu cümə axşamı telefonla Trend - a bildirib ki, kürd - ərəb münaqişəsinin başlaması üçün hüquqi cəhətdən heç bir zəmin yoxdur.

"İraq Konstitusiyasına əsasən, ölkədəki etnik qruplardan heç birinin hüquqları digərindən üstün tutula bilməz,"- deyə Əkrəmoğlu bildirib.

İngiltərənin Ekseter (Exeter) universitetinin professoru Kamil Mehdi isə hesab edir ki, ABŞ - ın hərbi qüvvələri İraqda olduğu müddətdə kürdlər və ərəblər arasında ciddi münaqişə gözlənilmir.

"Kürdlərlə ərəblər arasında ciddi münaqişə gözlənilməsə də, gərginlik davam edəcək və iki tərəf arasında münasibətlərin istiqaməti ABŞ - ın silahlı qüvvələrinin ölkədən çıxmasından sonra aydın olacaq"- deyə Mehdi cümə axşamı telefonla Trend - a bildirib.

Ekspertin fikrincə, kürdlərlə ərəblər arasındakı gərginliyin səbəbi təkcə Kərkük və onun təbii sərvətləri deyil, eyni zamanda kürd administrasiyasının siyasi cəhətdən ölkədə daha da güclü olmaq istəyidir.

Türkiyənin xarici siyasət üzrə tanınmış eksperti Fikrət Ərtan hesab edir ki, ərəblər İraqda kürdlərin tamamilə müstəqil hərəkət etmələrinə imkan verməyəcək. "İraq hökumətinin Kərkükü tamamilə kürdlərin nəzarətinə verəcəyi inandırıcı deyil,"- deyə Ərtan bildirib.

İraq hökuməti 2007- ci ilin fevralında ölkənin neft yataqları ilə bağlı qanun layihəsini qəbul etsə də, daha sonra kürd administrasiyası ilə mərkəzi hökumət arasında yataqları kimin idarə edəcəyi, xarici şirkətlərlə müqavilələr və gəlirin bölüşdürülməsi mövzularında ixtilaflar yarandı. Yaxın vaxtlarda neft yataqları haqqında qanun layihəsinin yenidən İraq hökuməti tərəfindən müzakirə ediləcəyi gözlənilir.

"Kərkükü özünə tabe etmək istəyən kürd administrasiyası başa düşməlidir ki, İraqda yaşayan bütün xalqların hüquqları bərabərdir,"- deyə Kamil Mehdi bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti