Azərbaycan, Bakı, 11 noyabr/ Trend / Bank Standard fiziki şəxslər üçün yeni "Premier" depozitini təqdim edib. "Premier" - azaldılmaz qalıq məbləğinədək depozit hesabından vəsait çıxarmaq, hesaba məhdudiyyətsiz pul əlavə etmək imkanı verən və müddəti 3 aydan 3 ilədək olan müddətli depozitdir, - bankın məlumatında bildirilir. Şərtlərə əsasən, bu, Bank Standard-ın məhsul xəttinə ən gəlirli depozitdir.
Depozit üzrə minimal qoyuluş məbləği 10 000 manat/ABŞ dolları/avro təşkil edir. Depozit müqaviləsinin maksimal müddəti üzrə əmanətçi illik 16,5%-dək gəlir əldə edə bilər. Əmanətin həcmi və müddətindən asılı olaraq faiz dərəcəsi manat hesabı üzrə 8,5%-dən 15,5%-dək, ABŞ dolları hesabı üzrə 9,5%-dən 16,5%-dək və avro üzrə 4,5%-dən 11,5%-dək təşkil edə bilər. O da qeyd olunmalıdır ki, faiz dərəcəsi depozitin bütün müddəti boyunca qüvvədədir və əlavə olunan məbləğlərə də şamil edilir.
Faizlər hər ay hesablanır və depozitin əsas məbləğinə əlavə edilir ki, bu da yerləşdirilimiş vəsait üzrə maksimal gəlir əldə etməyə imkan verir. Eyni zamanda, əmanətçi faiz gəlirini hər ay da ala bilər.
"Premier" depoziti sahiblərinə pulsuz "VISA Gold" və ya "MasterCard Gold" kartı təqdim olunur. Bank Standard-dan verilən xəbərə görə, ilin sonuna kimi "Premier" depoziti sahiblərinə təqdim olunan əlavə xidmət paketinin genişləndirilməsi planlaşdırılır. Hal-hazırda bankda "Premier" depoziti sahibləri üçün xüsusi 497 20 90 nömrəsində zəng mərkəzi işə salınıb.