...

UniBank-ın aktivləri bankın öhdəliklərini problemsiz yerinə yetirməyə imkan verir – UniBank-ın rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2008 21:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr/ Trend , müxbir İ.Xəlilova/ "İlin sonunadək Azərbaycanın UniBank kommersiya bankı xarici borclanmalar üzrə 20 mln. manatdan çox vəsait ödəməyi planlaşdırır", - bankın İdarə Heyətinin sədri Faiq Hüseynov cümə günü bildirib.

"Bu günə bankın borcunun qalığı 20 mln. manat təşkil edir və tamamilə zəmanət verərək deyə bilərəm ki, o ilin sonunadək tam ödəniləcək", - Hüseynov vurğulayıb.

Gələn il ödəniş vaxtı çatan xarici kreditlər üzrə 100 mln. manatadək vəsaitin ödəniləcəyi gözlənilir.

"Bu bankın təxminən yarım milyard aktivləri qarşısında kiçik vəsaitdir. Bundan başqa, ilin əvvəli ilə müqayisədə aktivlər 20 faiz artıb. Bizim bütün borclanmaların qaytarılması üzrə real planımız var və verilmiş kreditlər gündəlik əsasda ödənilir", - Hüseynov bildirib.

Onun sözlərinə görə, bank hər ay kreditlərin qaytarılması fondunda ən azı 10-12 mln. manat toplayır. Bundan başqa, UniBank qısamüddətli öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycan Milli Bankından 50 mln. manat məbləğində kredit cəlb edib.

Bankın Müşahidə Şurasının sədri Eldar Qəribovun sözlərinə görə, dünya böhranı fonunda Azərbaycanın bütün bank sektorunun xarici borcların cəlb edilməsi üzrə imkanlarının məhdudlaşması nöqteyi-nəzərindən təkrarmaliyyələşdirmə üçün daxili vəsaitlərdən istifadə normal təcrübədir.

Yaranmış vəziyyətə baxmayaraq, bank gələn il yeni borclanmaların cəlb edilməsi üün beynəlxalq maliyyə institutları ilə işi davam etdirmək niyyətindədir.

"Biz hələ ki, bu vəsaitlərin hansı şərtlərlə cəlb ediləcəyini bilməsək də, ən azı hər biri 25-30 mln. dollar olan iki sindikatlaşdırılmış kredit ala biləcəyimizə ümid edirik, - Hüseynov bildirib. - Bizim səhmdarlar - Avropa Yenidənqurma və İnkişaf Bankı və Alman İnvestisiya Korporasiyası DEG, bankı dəstəkləməyə hazırdırlar və artıq indi 2009-cu ilin birinci yarısında ayrılacağı gözlənilən bir neçə yeni kredit nəzərdən keçirilir".

Bundan əlavə, Beynəlxalq Maliyyə Korporasiyası, Niderlandın FMO Maliyyə Şirkəti, Qara dəniz Ticarət və İnkişaf bankı ilə danışıqlar aparılır.

"Bu gün onların qeyri-sabit beynəlxalq iqtisadi vəziyyətlərinin olmasına baxmayaraq, beynəlxalq maliyyə təşkilatlarında hələ də nəinki kredit xətlərinin ayrılması, həm də kapitalda iştirak mövzusunda Azərbaycanın bank sektoruna böyük maraq var", - Hüseynov bildirib.

Paralel olaraq, UniBank filial şəbəkəsinin inkişafı üzrə iş aparır. Bu gün bankın 23 fəaliyyətdə olan filialı var və dörd filial açılma mərhələsindədir. Gələn həftə Bakıda və bank şəbəkəsinin regional inkişaf siyasəti çərçivəsində Mingəçevirdə bir filial açılacaq.

"Bankın filial şəbəkəsinin uzunmüddətli inkişafı üzrə planlarına yenidən baxıla bilsə də, 2009-cu ilədək bu istiqamətdə işi davam etdirmək niyyətindəyik", - Qəribov əlavə edib. - 28 filialın vasitəsilə bütün ölkə ərazisini örtməyin mümkün olmadığını başa düşdüyümüz üçün, iş daha çox regional şəbəkənin genişləndirilməsi üzrə davam etdiriləcək".

UniBank Azərbaycanın ən iri özəl banklarından biridir. Maliyyə göstəricilərinə görə, UniBank liderlərin üçlüyünə daxil olur. Bankın Nizamnamə fondu 15 mln. m anat, məcmu kapitalı 67 mln. manat təşkil edir. Noyabrın 28-nə bankın aktivləri ilin əvvəlindəki 370 mln. manata qarşı 440 mln. manat təşkil edir. Kredit portfeli 345 mln. manat, depozit portfeli - 342 mln. manat, o cümlədən əhalinin əmanətləri 87 mln. manat təşkil edir.

Noyabrın 28-nə olan cari mübadilə məzənnəsi - 0,8079 AZN/USD

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti