...

"Bank Respublika" və AYİB ipoteka kreditləşməsi üzrə müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2008 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr / Trend / "Bank Respublika" və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Londonda 10 mln. dollar məbləğində növbəti kredit müqaviləsi imzalayıb.

Müqavilə 7 il müddətinə bağlanıb və ipoteka kreditləşməsinə vəsaitin ayrılmasını nəzərdə tutur. Bu, "Bank Respublika"ya resurs bazasının diversifikasiya səviyyəsini yüksəltməyə və ipoteka kreditləşməsini genişləndirməyə imkan yaradacaq.

Bu kredit müqaviləsinin imzalanması "Bank Respublika"nın uğurlu fəaliyyətinin və beynəlxalq maliyyə təşkilatlarının banka yüksək etibarının göstəricisidir. Bu kimi kredit müqavilələrinin imzalanması dünyadakı iqtisadi böhran və dünya maliyyə bazarlarındakı hazırkı vəziyyət nəzərə alınmaqla xüsusi əhəmiyyət kəsb edir. İmzalanmış kredit müqaviləsi "Bank Respublika"nın yüksək etibarlılıq və dinamik inkişaf səviyyəsini bir daha təsdiqləyir.

"Bank Respublika" Avropa Yenidənqurma və İnkişaf Bankı ilə 2004-cü ildən etibarən əməkdaşlıq edir. Əməkdaşlıq dövrü ərzində "Bank Respublika" və AYİB arasında biznesin kreditləşməsi və ticarətin maliyyələşdirilməsi üzrə ümumi məbləği 52 mln. dollar olan müxtəlif müqavilələr imzalanıb.

2006-cı ildə AYİB "Bank Respublika" üçün 24 mln. dollar həcmində sindikatlaşdırılmış kredit təşkil edib.

"Bank Respublika" 1992-ci ildən fəaliyyət göstərir və Azərbaycanın aparıcı banklarındandır. Bankın səhmdarları sırasında 25% + 1 səhm payla Almaniyanın 2 böyük maliyyə təşkilatları da mövcuddur - KfW bank qrupunun üzvü DEG və Sparkassen-Finanzgruppe üzvü SIDT.

"Bank Respublika" Moody's Investors Service tərəfindən milli və xarici valyutada olan depozitlər üzrə B2 dərəcəli "stabil" proqnozlu uzunmüddətli reytinqə malikdir.

Hazırda Bakıda və regionlarda "Bank Respublika"nın 30 filial və şöbəsi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti