Qazaxıstan, Astana, 11 mart / Trend , müxbir K.Arınova /
İslam maliyyə institutları dünya maliyyə böhranı şəraitinə tab gətirə biliblər. Bu barədə çərşənbə günü Astanada İslam İnkişaf Bankının (İİB) prezidenti Əhməd Məhəmməd Əli əl-Mədani "Qlobal risklər sistemində Avrasiyanın iqtisadi təhlükəsizliyi" II Astana İqtisadi Forumunda çıxış edərkən bildirib.
"İslam maliyyə institutları ilk növbədə, mənfəət bölgüsünü depozitlər üzrə tətbiq edirlər, ikincisi, biz ciddi layihələri maliyyələşdiririk və onların uğur qazanmasında maraqlıyıq. Və bizim əsas prinsipimiz: malik olmadığın şeyi satmamaqdır", - deyə İİB rəhbəri bildirib.
Onun sözlərinə görə, islam maliyyə institutlarının stabil qalmasının üçüncü mühüm amili kreditin iqtisadiyyatın real artımına proporsional surətdə arta bilmə qaydası olub.
"Buna görə bizdə borclar pramidası yoxdur", - deyə əl-Mədani bildirib. İslam bankının rəhbəri əlavə edib ki, sabitliyin dördüncü əsas şərti vəsaitlərin paylanması və qaytarılması üzərində dəqiq nəzarətlə bağlıdır.
"Məhz bu şərtlərin hamısı birlikdə islam maliyyə institutlarının təkcə dünya maliyə böhranına qarşı davam gətirməsinə deyil, həm də mənfəət əldə etməsinə imkan yaradıb", - deyə o vurğulayıb.
Lakin İİB rəhbəri qloballaşma dövründə stabilliyin qorunub saxlanılmasının çətin olacağını da istisna etməyib.
"Bizim təklifimiz ondan ibarətdir ki, bu gün bütün stabil inkişaf mexanizmlərinin təmin edilməsi üçün səylər birləşdirilməlidir. Bunun üçün bütün maliyyə institutlarının uyğunlaşdırılmasını həyata keçirmək lazımdır", - deyə əl-Mədani qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]