...

Naxçıvan Muxtar Respublikası latviyalı sərmayədarları cəlb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2009 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust / Trend , müxbir N.İsmayılova /

Son beş ildə Naxçıvan Muxtar Respublikasına (NMR) bir milyard dollardan çox sərmayə yatırılıb, bazar ertəsi NMR-in iqtisadi inkişaf naziri Famil Seyidov Bakıda keçirilən və NMR--in investisiya imkanlarına həsr olunmuş Azərbaycan-Latviya biznes forumunda bildirib.  

"Naxçıvan iqtisadi inkişafına və dinamikasına görə Azərbaycanın qabaqcıl regionlarından biridir, buna görə də regionunun rəhbərliyi əcnəbi sərmayədarları, eyni zamanda latviyalı sərmayədarları bu regionun iqtisadiyyatına sərmayə yatrımağa dəvət edir", - Seyidov bildirib.

Onun sözlərinə əsasən, son illər ərzində NMR-də 70 məktəb, 67 səhiyyə müəssisəsi və dörd mindən çox sosial əhəmiyyətli obyekt inşa edilib.

Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib ki, regionun Ermənistan tərəfindən blokadaya alınması ilə əlaqədar yaranan çətinliklərə və bunun bütün ölkə üzrə nəqliyyatı çətinləşdirməsinə baxmayaraq, region yüksək iqtisadi inkişafa nail ola bilib.

Nazir müavininin sözlərinə əsasən, son beş ildə ölkə iqtisadiyyatı 2,5 dəfə, sənaye istehsalı isə 2,6 dəfə artıb. Azərbaycan dünyanın 140 ölkəsi ilə ticarət münasibətlərini yoluna qoyub.

"Qeyri-neft sektoru ölkə üçün prioritet sayılır, son yarımil ərzində o, 4,1 faiz, ölkə ÜDM-i 3,6 faiz artıb", - Səfərov bildirib.

Biznes forum Latviya Prezidenti Valdis Zatlersin Azərbaycana səfəri çərçivəsində həyata keçirilir.

Tədbirin təşkilatçıları Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi, Azərbaycanın İxrac və İnvestisiyaların Təşviqi Fondu və Latviyanın Azərbaycandakı səfirliyidir.

Latviya nümayəndə heyətinin tərkibinə hökumət üzvləri və azərbaycanlı həmkarları ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etmək niyyətində olan latviyalı biznesmenlər qrupu daxildir. Biznes forumda yüzə yaxın azərbaycanlı və latviyalı sahibkar iştirak edib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti