Azərbaycan, Bakı, 14 sentyabr / Trend , müxbir Ü.İsmayılova /
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Antiinhisar Xidməti ticarət obyektlərində "Aysu Qida Sənaye LTD" MMC tərəfindən istehsal edilən limonadların və qazlı suların dövriyyədən çıxarılması üzrə tədbirləri davam etdirir. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.
"Növbəti yoxlamalar zamanı MMC məhsullarının əvvəlki normativ sənədlərə uyğun istehsal edildiyi aşkarlanıb", - məlumatda deyilir.
Bununla əlaqədar olaraq, istehlakçıların aldadılmasının və digər haqsız rəqabət hallarının qarşısının alınması məqsədi ilə Abşeron rayonunda "Aysu" əmtəə nişanlı mineral su və sərinləşdirici içkilərin istehsalını həyata keçirən "Aysu Qida Sənaye LTD" MMC-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti tərəfindən araşdırma aparılıb. Araşdırmanın ilkin nəticələrinə əsasən, müəssisənin su və alkoqolsuz sərinləşdirici içkilərin istehsalı üçün uyğunluq sertifikatlarının qüvvədə olma müddətinin bitdiyi, məhsul istehsalı üçün xammal kimi istifadə olunan suyun mənşəyinin məlum olmadığı, xammalın və hazır məhsulun laborator müayinələrinin aparılmadığı aşkar edilib.
Bundan əlavə, müəssisə hazır məhsulların qablaşdırılmasında uyğunluq və gigiyenik sertifikatı olmayan qəlib və qapaqlardan istifadə edib, markalanma zamanı normativ texniki sənədlərin tələblərini pozub. "Qarağat", "Şaftalı", "Portağal", "Albalı" və qarışıq meyvəli sərinləşdirici içkilərin saxlama müddətinin texniki şərtlərdə 180 gün olmasına baxmayaraq, hazır məhsulun üzərində 1 il göstərildiyi və məhsulun istehlak xassələri barədə digər düzgün olmayan məlumatların verilməsi kimi pozuntular aşkarlanıb.
"Bu pozuntuları nəzərə alaraq, Antiinhisar Dövlət Xidməti müəssisənin bu məhsulunun istehsalını və satışını dayandırıb", - məlumatda deyilir.
Araşdırmalar zamanı həmçinin müəssisəyə məxsus su çənindən, istehsal sexində qablaşdırmaya hazır sudan və müəssisənin anbarında olan hazır məhsullardan nümunə götürülüb.
Bu istiqamətdə araşdırma davam etdirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]